“Sabah” 2021-ci ildə Murad Musayevi Bakıya dəvət edəndə onun klubu dirçəldəcəyinə inam böyük idi. Çünki Rusiya futbolu ilə yaxından maraqlananlar Musayevin “Krasnodar”da uğurlu fəaliyyətini çox yaxşı xatırlayırdı.
Bəli, Murad Oleqoviç “Sabah”ı əməlli-başlı iddialı komandaya çevirə bildi. Gerisindən danışmağa dəyməz. Dadı damağında qalan bu klubun rəhbərliyi Krunoslav Renduliçlə yollarını ayırdıqdan sonra yenidən Rusiyaya boylanmalı oldu. Buna qədər Bakıya güclü məşqçi gətirilmişdisə, bu dəfə ötən illərin məşhur futbolçusunu dəvət etdilər. Rusiya millisi və ÇSKA-nın aparıcı müdafiəçilərindən olan Vasili Berezutski Masazıra gələrək baş məşqçi kimi ilk sınağına hazır olduğunu bildirdi.
Buna qədər köməkçi kimi fəaliyyət göstərən Vasilinin “Sabah”a nə verəcəyini deyə bilmərik. Amma istənilən halda bu seçimin risk olduğunu söyləməyə əsas var. Təbii ki, Berezutski baş məşqçi kimi işə haradasa başlamalı idi. Bəlkə də “Sabah” onun sabahı olacaq. Amma biz indiki məqamda onun dünəniə baxacağıq.
Vasili Berezutski 2018-ci ilin yayında qardaşı Aleksey ilə birgə karyerasını başa vurduğunu açıqladı. Əkizlər həmin ilin noyabrında uzun müddət ÇSKA-da rəhbərliyi altında oynadıqları və 2018/19 mövsümündən əvvəl “Vitess”in baş məşqçisi təyin olunan Leonid Slutskidən dəvət aldılar. Berezutskilər Niderlandda işləmək icazəsi üçün 2018-ci ilin dekabrında A kateqoriyalı lisenziyaya sahib çıxdılar. Onlar 2019-cu il yanvarın 5-dən “Vitess”ə qoşuldular.
Həmin vaxt Niderland klubunda oynayan Vyaçeslav Karavayev Berezutski qardaşlarının Leonid Slutskinin korpusundakı işi haqda bunları demişdi: “Təbii ki, onlar müdafiə xəttinə cavabdehdirlər. Daim futbolçulara məsləhət verirlər. Meydanda necə düzgün mövqe tutmalı və rəqibin qarşısını necə almalı olduğumuzu deyirlər. Amma Berezutskilər ümumən komandada bütün futbolçularla işləyirlər. İkisi də ingiliscə yaxşı danışır, buna görə də tapşırıqlarını aydın çatdırırlar. “Vasya” indi Vasili Vladimiroviçdi? Yox, bu, artıq olardı (gülür). ÇSKA-dakı kimi onlara “Vasya” və “Lyoşa” deyirəm. Aydındır ki, indi məşqçi olublar və daha ciddidirlər. Ancaq əvvəlki zarafatlar hələ də qalıb”.
“Vitess” 2018/19 mövsümünü Erediviziyada 5-ci yerdə tamamlasa da, Konfrans Liqasına vəsiqə uğrunda keçirilən pley-offun finalında “Utrext”ə uduzmaqla avrokuboklara yollana bilmədi. Komanda Berezutskilərin cavabdehlik daşıdığı müdafiədə heç də inamlı görünmürdü: ümumilikdə 38 matçda buraxılan 57 top var idi. Əlbəttə, mövsümün ilk yarısını bura aid etmək doğru olmazdı. Lakin qardaşlar kluba qoşulandan sonra da ciddi dəyişiklik baş vermədi: bütün turnirlər nəzərə alınmaqla 10 oyunda 2, 2 matçda 3, 1 görüşdə isə 4 top buraxıldı.
2019/2020 mövsümünün startında vəziyyət dəyişdi. “Vitess” çempionatda ilk 10 turda 7 qələbə qazandı və 3 dəfə qapısını toxunulmaz saxladı. Amma oktyabrın sonlarında komandada ciddi eniş yaşandı. Düzdür, Arnem təmsilçisi kubokda ilk mərhələni uğurla adladı. Buna baxmayaraq, Erediviziyadakı ardıcıl 5 məğlubiyyət Slutskinin 2019-cu ilin noyabrının son günlərində istefası ilə nəticələndi. Bu da, təbii ki, Berezutski qardaşlarının da klubdan ayrılmasına gətirdi.
İşsiz qalan Vasili Vladimiroviçin futbola tezliklə qayıtmaq istəməsi hiss olunurdu. O, açıqlamasında da bunu gizlətmirdi: “ÇSKA-da hansısa postu tutmağım üçün təklif lazımdır. Ümumiyyətlə, “Mançester Siti”də çalışmaq istəyərdim, ya da “İnter Mayami”də. Ancaq təklif yoxdursa, nədənsə danışa bilmərik. Hansı klubda işləməzdim? “Spartak”da. Dərhal “yox” deyərdim. Düşünürəm ki, mənə təklif göndərmək heç bu klubun rəhbərliyinin də ağlına gəlməz. 15 il ərzində ÇSKA-da oynaya, bu klubu sevə, sonra isə “Spartak”a keçə bilməzsən. Mənə görə bu, xəyanətdir”.
ÇSKA-dan təklif özünü çox gözlətmədi. Əkiz qardaşlar 2020-ci il yanvarın 27-də – təxminən 1,5 ildən sonra Moskva klubuna qayıtdılar. Onlar üçün hətta yeni vəzifə yaradıldı: hər ikisi baş direktor Roman Babayevin idman məsələləri üzrə müavinləri təyin olundu. Nəhayət, 2020-ci ilin yayında qardaşların yolları nisbətən ayrıldı. Aleksey əvvəlki postda qaldısa, Vasili ovaxtkı baş məşqçi Viktor Qonçarenkonun köməkçisi oldu.
Hazırda “Sabah”ı çalışdıran mütəxəssis həmin dönəmi belə xatırlayırdı: “Gənc futbolçular ilə müqayisədə sabiq komanda yoldaşlarımla işləmək daha çətindir? Əksinə. Onlar normal insan olduğumu, futbolu başa düşdüyümü bilirlər. Dostluq münasibətlərinə görə onlara güzəştə gedə bilərəm? Eynilə də yaxınlaşıb “sənə dost kimi deyirəm ki, bunu etmə, səndə alınmır” söyləyərəm. Bunu Akinfeyevə də, başqalarına da deyə bilərəm, mənim işim budur. Konkret işim nədən ibarətdir? Təbii ki, daha çox müdafiəçilərlə çalışıram, çünki bu məsələdə biliyim daha çoxdur. İşim komandaya xeyir verirmi? Necə səhv edirdilərsə, elə də edəcəklər (gülür)”.
Qonçarenko 2021-ci ilin martında – çempionatın sonuna 7 tur qalmış komandanın qeyri-qənaətbəxş nəticələri və kollektivin daxilindəki psixoloji vəziyyətin pis olması səbəbindən istefaya göndərildi. Vasili Berezutski əvvəlcə ÇSKA-da qalıb yeni baş məşqçi İvitsa Oliçin koməkçisi işləsə də, bir ay sonra klubdan ayrıldı. O, “Krasnodar”a üz tutub yenidən Qonçarenkoya “qovuşdu”. Sözügedən duet 2021/22 mövsümünün ilk yarısını çox yaxşı nəticələrlə yadda qaldı. “Öküzlər” Premyer Liqada qış fasiləsinə 5-ci pillədə yollansalar da, 3-cü yerlə xal fərqi cəmi 2-yə bərabər idi. Üstəlik, komanda Berezutskinin cavabdeh olduğu müdafiədə etibarlığı ilə seçilirdi və ÇSKA-dan sonra ən az (18) top buraxan komandalardan biri idi.
Amma 2022-ci ilin yanvarın 5-də gözlənilməz istefa yaşandı. Təbii ki, bu qərar səbəbsiz deyildi. “Krasnodar”ın sahibi Sergey Qalitski komadanın oyun üslubunu bəyənmirdi. Düzdür, o, Qonçarenko ilə yolları bu qədər tez ayırmaq istəmirdi. Lakin Qalitskinin uzun illərdir Qonçarenkonun köməkçisi işləmiş Ruslan Zubiki istefaya göndərməsi belaruslu mütəxəssisin səbr kasasını daşırdı. Baş məşqçi yeni ilin ilk günlərində klub sahibinin zənglərini cavabsız qoydu. Nəticədə Qalitski Qonçarenkoya qapını göstərməli oldu. Beləcə, Berezutskinin də “Krasnodar” kayerası başa çatdı.
Rusiya futbolunun tanınan siması yenə də qısa müddətdə özünə iş tapdı və cəmi 5 gün sonra ÇSKA-nın baş məşqçisi işləyən qardaşı Alekseyin köməkçisi oldu. Lakin komandanın mövsümü 5-ci yerdə bitirməsi Berezutskilərin ÇSKA-dan ayrılması ilə nəticələndi.
Bir ildən çox işsiz qalan Vasili Berezutski 2023-cü ilin dekabrdında Çinin “Şanxay Şenxua” klubunun “sükanı arxasına” keçən sabiq baş məşqçisi Leonid Slutskidən gələn dəvətə “hə” dedi. Rusiyalı mütəxəssislərin Uzaq Şərqdə işinin öhdəsindən çox yaxşı gəldiklərini demək olar. Çin Superliqasının gümüş medallarını qazanan “Şanxay Şenxua” son 16 ildə ən yaxşı nəticəsini göstərdi. Komanda çempion “Şanxay Port”dan sonda 1 xal geri qaldı. Ən maraqlısı isə “Şanxay Şenxua”nın 30 turda cəmi 20 (!) top buraxması və bu mənada rəqiblərini ciddi fərqlə qabaqlaması oldu. Bunda isə məhz Vasili Berezutskinin əməyi danılmazdır.
Yazılanlara əsasən, “Sabah”ın yeni baş məşqçisinin müdafiə xəttinə xüsusi diqqət yetirəcəyi aydın olur. O, köməkçi işlədiyi ilk dönəmlərdə bunun öhdəsindən elə yaxşı gəlməsə də, həm “Krasnodar”da, həm də “Şanxay Şenxua”da biliyini artırdığını sübut etdi. Təsadüfi deyil ki, “Sabah” da Berezutskinin ilk matçında 1:0 hesablı qələbəyə sevindi.
Berzutski Azərbaycan Kubokunda Kurban Berdıyevin çalışdırdığı “Turan Tovuz”u mübarizədən kənarlaşdırmaqla baş məşqçi kimi də ilk önəmli addımını atdı. Həmişə köməkçi olan, ilk dəfə əsas qərarverən şəxs kimi post tutan rusiyalının nəyi bacaracağını zaman göstərəcək.
ABBAS