Basketbol üzrə Avroliqa turnirində 13-cü tura start verilib.

İstanbulda “Anadolu Efes” bu mövsüm çox güclü təsir bağışlayan “Bayern”i qəbul edib. Sona qədər gərgin mübarizənin getdiyi qarşılaşma meydan sahiblərinin 101:90 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin sensasiyalarından biri Fransada baş tutub. ASVEL öz meydançasında Madrid “Real”ına qalib gəlib – 80:78. Qonaq komandanın lideri Mario Xezonyanın 19 xalı da ispanlara yardım etməyib.

Lider “Fənərbağça” İspaniyada “Baskoniya”ya məğlub olub. İstanbul təmsilçisi oyunun birinci hissəsini bərbad keçirib. Fasiləyə qədər ispanlar 20 xal üstünlük əldə ediblər. Bu, yekunda meydan sahiblərinin 88:76 hesablı qələbəsinə səbəb olub.

Ən gərgin qarşılaşma Yunanıstanda baş tutub. Son çempion “Panatinaikos” “Barselona”ya minimal hesabla qalib gəlib – 90:89.

“Jalgiris” də turu məğlubiyyətlə başa vurub. Litva komandası Belqradda “Partizan”la bacarmayıb – 78:84.

Shares: