“Sabah”ın futbolçusu Con İrasabalın futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”u keçərək növbəti mərhələyə yüksəldiniz. Matç barədə fikirləriniz necədir?
– Fikrimcə, oyuna düzgün başladıq. Amma ikinci hissədə bəzi səhv qərarlar üzündən topa nəzarəti itirdik. Müsbət cəhət isə odur ki, komanda son dəqiqəyə qədər mübarizə aparmağı bacardı, oyundan qopmadı.
– Vasili Berezutski baş məşqçiniz kimi təyin olunandan çempionat matçında qalib gəldiniz, kubokda mərhələ keçdiniz. O, qısa zamanda nə etdi?
– O, taktiki dəyişikliklər etdi və komanda yavaş-yavaş buna uyğunlaşır. Lakin dəyişikliklər uzunmüddətli perspektivdə daha çox görünəcək. İnanıram ki, Berezutski ilə yaxşı nəticə əldə edə bilərik.
– Maraqlıdır ki, “Turan Tovuz” iki dəfə hesabda önə keçdikdən sonra siz bərabərlik qolunu vurmağı bacardınız. Düşünürsən ki, qələbəyə tam layiq idiniz?
– Hər iki komanda qalib gələ bilərdi. Həqiqətən gərgin oyun idi, fiziki cəhətdən ağır keçdi. Xüsusən də əlavə vaxtda… Bu oyunlarda komandanın düşüncəsi, mübarizəsi çox önəmlidir.
– Siz də qol vurdunuz…
– Xüsusi bir şey yoxdur. Standart vəziyyət idi və bəxtim gətirdi ki, top mənə gəldi və bundan yararlana bildim. Komandaya kömək etdiyim üçün xoşbəxtəm. Əlbəttə ki, komandamızın uğur qazanması bizim üçün vacibdir.
– Növbəti oyun “Qarabağ”a qarşı olacaq. Bu oyunda xal ala bilərsinizmi?
– Həmişə buna inanırıq. Komandanın fiziki cəhətdən necə bərpa olunacağını görəcəyik. Hamımız bilirik ki, “Qarabag” hücumda çox təhlükəli komandadır, ona görə də çox diqqətli olmalıyıq.
FƏRİD