“Səbail” klubun Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabiyə cavab verib. Paytaxt təmsilçisi futbolinfo.az-ın sorğusundan sonra saytımıza müsahibə verən Asyabinin dediklərinə aydınlıq gətirib:
– Klubun Müşahidə Şurasının sabiq üzvünün saytınıza verdiyi açıqlamalarla tanış olduq. Sözün açığı, səsləndirilən fikirlərin absurdluğunun bütün məntiq sərhədlərini aşıb-keçməsinin müvəffəqiyyəti ilə fakt kimi göstərmək istədiyi məqamların özündə heç bir həqiqəti ehtiva etməməsi düz mütənasibdir. Əvvəla, məlum şəxsin açıqlamalarından anlaşılan odur ki, hazırkı rəhbərlik fəaliyyətə başlamazdan əvvəl klubun idarə olunmasında əsas söz sahibi məhz o olub. Məntiqi yanaşma dərhal ortaya bir sual çıxarır ki, Müşahidə Şurasının üzvü niyə klubun gündəlik işləri ilə məşğul olurmuş?! Ritorik sualdır, amma daha dərindən yanaşsaq, cavab da tapa bilərik. Hələ ki buna vaxt ayırmağa dəyməz.
“Səbail” PFK-nın akademiyasının guya dağılması ilə bağlı məqama gəlincə, bu iddianın özündə, yumşaq dillə desək, futbol savadsızlığı ortaya çıxır. Çünki mövcud lisenziyalaşdırma qaydalarına görə müvafiq sayda aşağı yaş qruplarından ibarət komandalara malik olmayan klubun Premyer Liqada çıxışı mümkün deyil. Başqa sözlə, akademiyası olmayan klub ölkə çempionatının elitasında oynamaq üçün lisenziya ala bilməz. Təbii ki, “Səbail” PFK-nın akademiyası var və klubun maliyyə imkanları çərçivəsində fəaliyyət göstərir. “Uşaqların qaldığı hotelin bağlatdırılması” mövzusu daha həssas məsələdir. Çünki söhbət hansısa hoteldən yox, icarəyə götürülmüş evdən gedir. Həmin evdə müxtəlif (!) yaş qrupuna aid iyirmi nəfərə yaxın uşaq nəzarətsiz halda, heç bir sanitar-gigiyenik qaydalara, qidalanma rejiminə və keyfiyyətinə riayət olunmadan, təhlükəsizlik məsələlərinə diqqət yetirilmədən qalırdı və təbii ki, bu vəziyyətin davam etməsinə imkan verə bilməzdik. Etmədik də. Qərarımızın doğru olduğuna da şübhəmiz yoxdur. Klubun akademiyasının Astarada bölməsinin olması barədə deyilənlər də digər “faktlar”dan fərqlənmir. Söhbət hansısa bölmədən yox, həmin rayonda fəaliyyət göstərən və “Səbail” PFK ilə müqaviləsi olan məşqçidən gedir. Qeyd olunan məşqçi ilə müqavilə müddəti başa çatıb və fəaliyyəti klubumuz üçün perspektiv vəd etmədiyinə görə müqavilənin uzadılmamasına qərar verilib.
Klubun ştat cədvəli, baş mühasib, satınalmalar şöbəsi və sair bu səpkili iddialar da absurddur. Çünki klubumuzda baş mühasib ştatı mövcud deyil, maliyyə-mühasibatlıq işləri müqavilə əsasında kənar şirkət tərəfindən aparılır. Satınalmalar ştatı isə olmayıb, yoxdur və təsis olunması da gündəmdə deyil.
Maliyyə ilə bağlı səsləndirilən rəqəmlər barədə ümumiyyətlə, detallı danışmaq istəmirik. Çünki “Səbail”də bütün ödənişlər barədə qərarlar kollegial şəkildə verilir və bir nəfərin iradəsindən asılı deyil. Eyni zamanda, hər ayın yekununda xərclər və ödənişlər barədə baş sponsora detallı hesabat təqdim edilir, maliyyə vəsaitini ayıran qurum tərəfindən təsdiqləndikdən sonra ödənişlər icra olunur.
“Səbail” PFK-nın hazırkı rəhbərliyinin 2022/2023-cü il mövsümü ilə bağlı guya yanlış maliyyə hesabatı verməsinə gəlincə, qeyd olunan mövsümdə klubda çalışmayan şəxs(lər) necə və niyə hesabat verməli idi?! Görünür, klubumuzun Müşahidə Şurasının sabiq üzvünün gözünü klubdan uzaqlaşdırılmasına görə qəzəb elə örtüb ki, səsləndiriyi fikirlərin həqiqətdən nə qədər uzaq olmasını görə bilməyib. Məlum şəxsin iddialarına münasibətdə “Səbail” PFK olaraq bu, son açıqlamamazdır. Sabiq MŞ üzvünə isə bir tövsiyəmiz var: Yaxşı olar ki, həqiqətdən heç bir ölçü meyarına uyğun gəlməyəcək qədər uzaq olan absurd fikirlər səsləndirməkdənsə, hansı səbəbdən klubdan uzaqlaşdırılması barədə sualın cavabı barədə düşünsün. Axtarsa, tapar…