“Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiya komandanın Avropa Liqasının Liqa mərhələsindəki çıxışına münasibət bildirib.

Gürcüstanlı keçmiş hücumçu futbolinfo.az saytına açıqlamasında Ağdam təmsilçisinin geridə qalan 5 turdakı nəticələrini fiasko hesab etmir.

43 yaşlı mütəxəssis bunu rəqiblərin gücü ilə əlaqələndirib: “Nəzərə alaq ki, “Qarabağ” “Tottenhem”, “Ayaks”, “Olimpik” (Lion) kimi Avropanın adlı-sanlı klublarına uduzub. Yalnız “Malmö”yə evdəki məğlubiyyəti uğursuzluq kimi qələmə vermək olar. “Bodo Qlimt” üzərində səfər qələbəsi isə göstərdi ki, “Qarabağ” mübarizədən qopmayacaq. Ötən mövsüm “Bayer”lə oyunlardan əvvəl hər kəs Almaniya klubunun mərhələni asan keçəcəyini proqnozlaşdırırdı. Ancaq almanların hər iki matçda bəxtləri gətirdi. “Qarabağ”ın son 3 turda lazımi qədər xal toplayaraq, mərhələ adlayacağına inanıram”.

Adamiya ölkəmizdəki ilk klubu “Neftçi”nin hazırkı durumuna da toxunub. O, bakılıların nəticələrinə üzüldüyünü bildirib: “Azərbaycan Premyer Liqasının oyunlarının videoyazılarına baxıram, turnir cədvəlindəki durumdan xəbərdaram. Məni təəccübləndirən yeganə məqam “Neftçi”nin 8-ci yerdə olmasıdır. Açığı, bu mənzərə heç də ürəyimcə deyil. Komanda son 11 ildə cəmi 1 çempionluq qazanıb. İnanmaq istəyirəm ki, “Neftçi” tezliklə əvvəlki əzəmətini qaytara biləcək. Bu, ilk növbədə Azərbaycan futbolunun xeyrinə olar”.

Qeyd edək ki, Georgi Adamiya 2005-2008-ci illərdə “Neftçi”nin, 2010-2012-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Shares: