Şou-biznes aləmində tanınnış simalarından olan, məşhur skripkaçı və eyni zamanda müğənni olan Səlim Abbasov təkcə musiqi virtuozluğu ilə deyil, həm də futbol sevgisi ilə fərqlənir. Bəlkə də musiqi qədər futbola da vaxt ayırır. Həm azarkeşi olduğu “Neftçi”nin oyunlarını izləmək üçün stadiona gedir, həm də həvəskarlar arasında keçirilən turnirlərdə bombardirlik keyfiyyətlərini nümayiş etdirir.
Əməkdar artistin futbol dünyası ilə tanış olmaq üçün onun özü ilə görüşmək qərarına gəldim. Məni futbol oynadığı məkana dəvət edib “ürəyini boşaltdı”.
– Uşaq yaşlarında güləş, sambo, boks və futbola maraq göstərmisən. Daha çox döyüş filmlərinə baxmaqla idmana marağın yarandı. Bəs, niyə musiqini seçdin?
– Əksinə, musiqi də bizim qanımızda olub. Mərhum atam Vaqif Abbasov sevilən qarmon ifaçısı olub. Musiqiyə marağımı atam yaradıb, amma ailənin digər üzvləri də musiqi yolunu seçib. Qardaşlarım Anar piano, Xəyal isə nağara ifaçısıdır. Buna baxmayaraq, musiqiyə meyilli olsam da, uşaq yaşlarımdan evdən qaçıb futbol oynamağa gedirdim. Halbuki, atam qətiyyən buna icazə vermirdi. Bütün günü evdə musiqi ilə məşğul olmağımı istəyirdi. Amma mən öz işimdə idim. Uşaqlar həyətdə fit çalırdı, mən də idman ayaqqabılarını eyvandan aşağı atıb aradan çıxırdım. Təsəvvür edin ki, bir gündə dalbadal 4-5 futbol matçı oynayırdım. Atamın evə gəlməsinə az qalmış evə qayıdıb skripkanı və kamançanı əlimə götürürdüm, məşq edirdim. Atam evə gəlib məni öz üzərimdə işləyən görəndə soruşurdu ki, “məni görüb alətlə məşq etməyə başladı?” Anam da məni müdafiə edirdi. O, məni həmişə həvəsləndirib. Atam qarmon ifaçısı olduğu üçün əvvəl məni bu musiqi alətində sınamaq istədilər. Amma anam məni kamança sinfinə yönləndirdi. Burada karyeram uğurlu alındı. Bir çox festivalların qalibi oldum, sonradan skripka sinifində təhsil aldım, ardınca Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum, daha sonra Musiqi Akademiyası… Artıq 15 ildir ki, Azərbaycan Respublikasının Əməkdar artistiyəm. Bu, mənim üçün fəxrdir. Dünyanın böyük ölkələrində konsertlər vermişəm.
– Bir sözlə, musiqini idman qədər sevdin.
– Bəli! Bəlkə də musiqiçi ailəsində doğulmasaydım, 100 faiz hansısa bir futbol klubunda oynayırdım. “Neftçi”, “Qarabağ” və ya başqa birisi… Amma özüm “Neftçi” azarkeşiyəm. Bununla yanaşı, “Baku Sportinq” klubunun simasıyam. “Neftçi”nin bütün oyunlarını stadiondan izləyirəm. Orada işləyən Zahid adlı dostum var. Həmişə mənə dəvətnamə göndərir, mən də ona “gözüm üstə” deyib stadiona gedirəm. Həmişə də bu komandaya dəstək olmuşam.
– Bir “Neftçi” azarkeşi kimi sevimli komandanın “Qarabağ”la oyunlarda uğursuzluğunu necə həzm edirsən?
– Bu komandaların son turda bir-birinə qarşı oyununu stadiondan seyr etdim. Məğlubiyyət məni çox üzdü. Niyə “Neftçi” bu gündədir? Nə deyim, bu komandaya yeni nəfəs lazımdır. Komandaya məşqçilər gəlir-gedir, amma istədiyimiz nəticəni əldə edə bilmirik. Mən çox istəyirəm ki, Azərbaycan çempionatında güclü rəqabət olsun. Nə qədər “Qarabağ” uğur qazanar?! “Qarabağ”, “Qarabağ”, “Qarabağ”, “Qarabağ”… Onları pisləmirəm. Əksinə, onun avrokuboklarda uğursuzluğu məni çox məyus edir. “Olimpik Lion”a uduzanda çox narahat oldum. Bu komandadan 4 top buraxmaq nə deməkdir? Düzü, heç bunu gözləmirdim. Bu komanda həmişə bizi sevindirib. Amma özüm “Neftçi” azarkeşi olduğum üçün həmişə “ağ-qaralar”dan qələbə gözləyrəm. Ümid edirəm ki, “Neftçi” uğurlu transferlər həyata keçirərək çətin vəziyyətdən çıxacaq. Yeri gəlmişkən, sevimli komandamın aparıcı üzvlərindən olan Emin Mahmudovla yaxın dostam. Hər qələbə qazananda onu təbrik edirəm. Biz daim əlaqədəyik. Hətta Emin mənə həm millidəki, həm də “Neftçi”dəki formasını hədiyyə edib.
– “Neftçi”nin zəifləməsinin səbəbini nədə görürsən?
– Düzgün transferlər etmək lazımdır. Bu komandada futbola maddiyat gözü ilə baxan yox, can qoyan oyunçu gətirilməlidir. “Maaşımı alım, futbolumu oynayım” havası ilə yaşayan oyunçu istəmirik. Futbol başqa bir şeydir. Hələ ki, istədiyimiz transferləri görə bilmirik. İnanıram ki, nəvaxtsa yaxşı olacaq. Amma o “nəvaxtsa” tezliklə olsun da…
– Səndə “Neftçi” sevgisi haradan yaranıb?
– Biz gözümüzü açandan “Neftçi” görmüşük. Amma sonradan gördüm ki, “Qarabağ”ın uğurları çoxalır, dedim mən də “ağ-qaralar”a dəstək olum, qoy bu komanda da motivasiya qazansın.
– Samir Abasovu dəstəkləyirsən?
– Yaxşı olar. Əslində, oyunçular keyfiyyətli olmayandan sonra Mourinyo və ya Qvardiola gəlsin, heç nə dəyişməyəcək. Millidə Arif Əsədov işləyirdi də. Fernandu Santuş gələndən sonra nə dəyişdi ki?
– “Türkiyədə doğulsaydım, 100 faiz Almaniya, İtaliya, İspaniya çempionatlarında oynayaram” demisiniz. Azərbaycanda sizə nə mane oldu?
– 100 faiz. Azərbaycanda ona görə böyük futbolçu olmadım ki, evdə mənə bu idman növü ilə məşğul olmağa imkan vermədilər. Amma onu da deyim ki, o illərim indiki dövrə düşsəydi, 100 faiz futbolçu olacaqdım. O zaman futbolda bu qədər pul yox idi. Həmin illərdə futbolçular belə imkan əldə edə bilmirdi. Amma mən yenə də musiqi ilə məşğul olmağıma peşman deyiləm. Bu sahədə necə lazımdır hörmət qazanmışam. Dünyanı gəzirəm, bir çox tədbirlərdə iştirak edirəm.
– Əvvəllər Həvəskarlar Liqasında oynamısınız. Hər halda, müsahibələrinizdən birində bunu demisiniz. İndi də minifutbol üzrə Azərbaycan çempionatında və ya Regional Liqa komandalarından birində oynamaq şansınız varmı?
– Məni hələ də dəvət edirlər. Amma vaxt yoxdur. Özüm konservatoriyada müəllim işləyirəm. Günüm orada gedir. Amma yayda keçirilən turnirlərdə iştirak edirəm. Məsələn, jurnalistlər arasında Elnur Əşrəfoğlunun xatirə turnirində iştirak etmişəm. Biz də “Elnurun dostları” adlı komanda ilə qonaq kimi qatıldıq. O turnirin qalibi olduq, mən də bombardir oldum. Hər oyunda rahat 7-8 qol vururdum. Hələ nə qədər də komanda yoldaşlarıma fərqlənmək üçün imkan yaratmışam.Mənə xüsusi mükafat da verdilər. Onu mənə Sadıq Sadıqov təqdim etdi. Musiqi aləmində mənə “Messi” deyirlər. Messi üslubunda oynayıram.
– Heç futbola görə zədələnib sıradan çıxdığın vaxtlar olub?
– Belə hallar çox olub. Fizioterapevt Gülnar xanım var, zədələnən kimi ona zəng edirəm, dərhal deyir ki, gəl. Bilir ki, futbola görə olub. Sağ olsunlar, müalicə edib ayağımı əvvəlki vəziyyətinə gətirirlər. İki ay futbolsuz qaldığım dövrlər olub.
– Azərbaycan futbolunun ən böyük bəlası nədir?
– Qol vura bilməmək. Bunu bacarmırıq. Məsələn, millinin heyətində 4 hücumçu var, amma nəticəsi göz önündədir. Görürsünüz də, sosial şəbəkələrdə onların şəklini paylaşıb yazırlar: “Dünyanın ən təhlükəsiz hücum xətti”. Bu, mənə çox pis təsir edir. Niyə belə olmalıdır axı?! Qoy elə ən təhlükəli hücum xətti olsun da. İnanıram ki, uşaq futboluna böyük dəstək olsa, yeniyetmə futbolçulara diqqət göstərilsə, gələcəkdə bunun effektini görə bilərik. Gürcüstan Avropa Çempionatının final mərhələsində oynamaq imkanı qazandı. Biz niyə bunu bacarmayaq?! Əhalisi də bizdən az. Mən onları pisləmirəm, əksinə, alqışlayıram. Zəhmət çəkdilər, öz güclərinə bunu bacardılar. Baxırıq, Türkiyə və ya Ukrayna, lap elə Qazaxıstanın özü. Az qala Millətlər Liqası ilə Avropa Çempionatına yollanacaqdılar.
– Futbolçulardan Emin Mahmudovdan başqa kimlə isti münasibətlərin var?
– Vüqar Nadirov. Onunla da neçə ildir ki, dostluq edirəm. Kamran Ağayevlə isti münasibətlərim var. Daha sonra Maksim Medvedevin adını çəkə bilərəm. Ümumiyyətlə, futbolçu dostum çoxdur.
– Onlarla necə münasibət qurmusan?
– Futbol oynaya-oynaya. Bununla yanaşı, onlar xeyir işlərinə məni dəvət edirlər. Bununla yanaşı, konsertlərdə və idman yarışlarında rastlaşırıq.
– Hansı futbolçuların toy mərasimini aparmısan?
– Sayı-hesabı çoxdur. Yadımda qalanlardan Vüqar Nadirovun adını çəkə bilərəm. Daha sonra futbol məşqçilərindən birinin oğlunun, digərinin isə qızının xeyir işini aparmışam.
– Dünya futbolu ilə maraqlanırsan?
– Əlbəttə! Lionel Messi, Kriştianu Ronaldo… Neçə ildir ki, zirvəni əllərində saxlayıblar, uzun müddət də heç kimə “Qızıl Top”u qazanmağa imkan vermədilər. Baxmayaraq ki, yaşa dolurlar, amma yenə də məharətlərini göstərirlər. Əksinə, sübut edirlər ki, futbolda yaş həddi yoxdur! Onlara qədər futbolçu 30 yaşını keçəndən sonra veteran sayılırdı. Klub futbolundan danışırıqsa, xoşladığım bir neçə komanda var. Məsələn, bu mənada “Barselona”, “Milan” və “Qalatasaray”ın adını çəkə bilərəm.
– Mən bilən idmana aid musiqi parçası da ərsəyə gətirmisən.
– Bəli, “Baku Sportinq” klubuna himn yazmışam. Gözəl alınıb. Adam eşidəndə istəyir ki, qol vursun və qalib gəlsin. “Neftçi” üçün də himn bəstələmək fikrindəyəm. İnanıram ki, yaxşı alınacaq.
– Xaricə tez-tez üz tutursan. Avropa ölkələrində hansı stadionlarda oyunlar izləmisən?
– Türkiyədə Çempionlar Liqasında “Qalatasaray”la “Çelsi” arasında görüşdə arenada olmuşam. Daha sonra “Barselona”, “Ayaks” və “Milan”ın oyunlarını da canlı izləmişəm. Bəzən hansısa böyük Avropa şəhərində olanda baxıram ki, bu günlərdə burada futbol oyunu var, ya yox?! Olmayanda təəssüf hissi keçirirəm. Bura gələsən, oyun gününə düşməyəsən.
TAHİR MİRZƏ