İngiltərə Premyer Liqasının 14-cü turunda “Everton”la keçirilən oyun “Vulverhempton”un futbolçusu Kreyq Douson üçün olduqca uğursuz alınıb. 34 yaşlı mərkəz müdafiəçisi bu görüşdə 23 dəqiqə ərzində öz qapısına 2 qol vurub.

“Everton”un 4:0 hesabı ilə qalib gəldiyi matçda Dousonun ilk avtoqolu 49-cu dəqiqədə qeydə alınıb. O, matçın 72-ci dəqiqəsində yenidən öz qapısına qol vurub.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən ilin yayında “Vest Hem”dən “Vulverhempton”a keçib. O, bu mövsüm 12 oyunda iştirak edib.

Shares: