“Real” yeni antirekorda imza atıb. “Kral klubu” bu mövsüm La Liqanın I dövrəsində artıq 5 dəfə uduzub. Komanda son olaraq dünən Bilbaoda “Atletik”ə 1:2 hesabı lə yenilib.

Bu, “Real”da son 5 mövsümün antirekordudur. Komanda daha əvvəl 2020/21 mövsümünün I dövrəsində 5 oyunda məğlub olmuşdu.

Oyunda penaltini boşa verən Kilian Mbappe isə matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda məsuliyyəti öz üzərinə götürüb: “Bu, pis nəticədir. Hər detalın vacib olduğu matçda böyük səhv etdim. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Çətindir, amma vəziyyəti dəyişmək və kim olduğumu göstərmək üçün ən yaxşı vaxtdır”.

Qeyd edək ki, Mbappe ardıcıl 2 dəfə penaltini qeyri-dəqiq yerinə yetirib. Bundan əvvəl o, Çempionlar Liqasında “Liverpul”la matçda (0:2) qol şansını dəyərləndirə bilməmişdi.

Hazırda “Real” 33 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir.

Shares: