“Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər.
Futbolinfo.az xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi televiziyasına müsahibəsində deyib.
27 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:
“Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram”.
Forvard ötən turda “Fortuna” (Düsseldorf) komandası ilə matçdakı (2:2) nəticənin onları məyus etdiyini bildirib:
“Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq. Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq. Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Emreli XV turda, dekabrın 6-da səfərdə üz-üzə gələcəkləri “Elversberq”lə oyun barədə danışıb:
“Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq. Bu matçda əlimizdən gələni edəcəyik. Gözəl stadionda oynamaq daha çox motivasiya verir. Həm də ən vacib olan fanatlardır. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Amma bəzən özümü səfərdəki kimi hiss etmirəm. Buna nümunə olaraq “Hoffenhaym”la (Almaniya Kuboku) matçı göstərə bilərəm. Özümü Nürnberqdəyik kimi hiss edirdim”.
II Bundesliqa təmsilçisində 4 qola imza atan oyunçu “beşinci qolu nə vaxt vuracaqsınız” sualını da cavablandırıb:
“Məni həmişə komandanın nəticəsi və 3 xal qazanması daha çox maraqlandırır”.
Emreli qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə Kriştianu Ronaldunun hərəkətini təkrarlamalarına da münasibət bildirib:
“Ronaldu ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir”.