“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin futbolinfo.az saytına müsahibəsi

– Uzun müddətdən sonra meydana çıxmaq necə bir hiss idi?

–  Çox yaxşı hissdir. Artıq özümü normal hiss edirəm. Mənim üçün əsas olan sınıqlardan sonra uzun müddət yaşadığım ağrıları hiss etməmək idi.

– “Qəbələ” ilə kubok oyunu zamanı ən çətin an hansı idi?

– Əsas konsentrasiyanı itirməmək idi. Bu, ən çətini idi.

– Oyunda qol buraxmamaq sənin üçün xüsusi bir motivasiya mənbəyi oldu?

– Əsas komandamın nəticəsidir. Qol buraxmamaq xoşdur. Amma ən əsası komandaya fayda verməkdir. Mən sadəcə, öz işimi görmüşəm.

– Komanda yoldaşlarının dəstəyi sənin performansına necə təsir etdi?

– Hamı mənim qayıdışıma sevindi. Bütün bu müddət ərzində mənə göstərdikləri dəstəyə görə bütün komandaya minnətdaram.

– Zədədən bərpa müddətin necə keçdi? Psixoloji olaraq meydana qayıtmaq üçün hansısa üsullardan istifadə etdin?

– Şikayət edəcəyim bir şey yoxdur. Zədədən qayıtdığım ilk dəfə deyil. Hər şey Allahın əmri ilə baş verir. Ona görə səbr etmək lazımdır. Əsas motivasiyam hər gün daha da yaxşı olmaqdır.

– Gələcək karyera planların nələrdir? Özünü daha yüksək səviyyəli liqalarda görürsən?

– İndi bu haqda düşünmürəm. Əsas odur ki, oyun formasına düşüm və “Qarabağ”a faydalı olum.

– Milli komandaya geri dönmək və yenidən əsas qapıçı olmaq üçün nə qədər hazırsan?

– Milli komandada oynamaq və ölkənin şərəfini qorumaq üçün bu səviyyəyə çatmaq lazımdır. Həmişə orada olmağa hazıram. Bu, mənim üçün qürurdur. Meydanda və meydandan kənarda komanda üçün əlimdən nə gəlirsə, etmək istəyərəm.

GÜNAY SÜLEYMANOVA

Shares: