“Kəpəz” klubunun futbolçusu Valdemar Almeydanın futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyiniz oyundan başlayaq…

– Özümüzü yaxşı tərəfdən göstərə bildiyimiz matç oldu. “Şamaxı” ilə görüşdə qələbə qazanmaq bizim üçün vacib idi. Bu missiyanın öhdəsindən gəldik. Əsas rəqiblərimizdən biri ilə oyundan 3 xalla ayrıldıq. Əsas odur ki, yaxşı oyun göstərərək zəfər çaldıq.

– “Şamaxı” ilə oyundan sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İmişli”ni də eyni hesabla üstələdiniz. I Liqa təmsilçisi ilə qarşılaşmanın bu qədər çətin keçəcəyini gözləyirdiniz?

– Əslində, bizi asan oyun gözləmədiyini bilirdik. Buna rəğmən, “İmişli”yə qalib gələcəyinə inanmağına şərait yaratdıq və bu, bizim səhvimiz idi. Bu görüşdə əsas məsələ qələbə qazanmaq və növbəti mərhələyə adlamaq idi, belə də oldu. Buna görə sevincliyik.

– Kubokun 1/4 finalında “Neftçi” ilə üz-üzə gələcəksiniz. Bu görüşdə də özünüzü yaxşı tərəfdən göstərə biləcəksiniz? Necə düşünürsünüz, “Neftçi” ilə oyunun favoriti kim olacaq?

– Bu matçın favoriti olmayacaq. Biz “Neftçi” ilə görüşə kubokun yarımfinalına adlamaq məqsədilə çıxacağıq. Əksər oyunlarda olduğu kimi, bu qarşılaşmada da yaxşı futbol göstərmək istəyirik. Yaxşı oyun göstərdikcə nəticələr də yaxşılaşır.

– Ölkə çempionatında isə növbəti rəqibiniz “Zirə”dir. Paytaxt təmsilçisini xalsız yola salmaq mümkün olacaq?

– “Zirə”yə qalib gəlmək istəyirik. Rəqibin yaxşı komanda olduğunu bilirik, heyətlərində keyfiyyətli oyunçular var. Lakin bu, bizi qorxutmur. Çünki bütün oyunlara qalib gəlmək, xal qazanmaq məqsədilə çıxırıq.

– Hazırda Misli Premyer Liqasında 9-cu pillədə qərarlaşmısınız. “Kəpəz” elitadakı yerini qoruya biləcək?

– Bəli, hazırda turnir cədvəlində 9-cu yerdəyik və sonuncu pillədə qərarlaşan “Səbail”dən cəmi 2 xal öndəyik. Digər tərəfdən, 7-8-ci yerlərlə aramızda 3 xallıq fərq var. Deməli, yuxarı pillələrə qalxmaq imkanımız da realdır. Bu fürsətdən yararlanmalı, müntəzəm olaraq xal ehtiyatımızı artırmalıyıq.

– Azərbaycan çempionatının səviyyəsi necədir?

– Açığı, ötən mövsümlə müqayisədə çempionatın keyfiyyəti bir qədər aşağı düşüb. Azərbaycan Premyer Liqasının səviyyəsini yüksəltmək istəyiriksə, keyfiyyəti artırmalıyıq. Əks təqdirdə, həm avrokuboklara qatılan komandalar, həm də millilər bunun əziyyətini çəkirlər.

FƏRİD

Shares: