“Qələbə münasibətilə rəqibi təbrik edirəm. Həqiqətən də “Kəpəz” son vaxtlar yüksəlişdədir. Son oyunlarda vacib xallar qazanıblar. Fikirləşirəm ki, bu gedişlə asanlıqla elitada qalacaqlar. Azər Bağırov qısa müddət ərzində yaxşı kollektiv yığıb. Yavaş-yavaş işinin bəhrəsini görməyə başlayıb. Bir müddət sonra komandanı daha da yaxşı vəziyyətə gətirəcəyinə inanıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”nin baş məşqçisi Fərid Namazov deyib.
Mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə qarşılaşdıqları oyun haqda fikirlərini bölüşüb: “Aqressiv müdafiə olunaraq, əks-hücumlarda daha çox oynamağı planlaşdırırdıq. Şükür ki, fikirləşdiyimiz kimi də alındı. Epizodlarımız çox olsa da, oyunun bəlli hissələrində get-gəllər çox oldu. Belə olduqda komandanın yorulacağından ehtiyat edərək, oyunu bir az sakitləşdirdik. Bizim futbolçular da vaxt ilə Premyer Liqada oynayıblar və yenidən ora qayıtmağa layiqdirlər. Məncə, potensialları da böyükdür. Gənclər və təcrübəlilərin qarışığından ibarət çox yaxşı komandamız var. Buna görə də oynadığımız oyunun təsadüf olmadığını düşünürəm. Xüsusilə də ikinci hissəni qeyd edərdim. Amma bir reallıq var ki, yüksək liqanın komandasına qarşı çox da açıq futbol oynamaq mümkünsüzdür. Ağıllı strategiya ilə oynamaq daha məqsədəuyğundur. Təəssüf ki, sonlara yaxın qol buraxdıq. Lakin işin öhdəsindən gələ bildiyimizi düşünürəm. Oyun məni qane etdi. Bəzən nə qədər mübarizə aparsan da, taktiki baxımdan düzgün oynamasan, işlərin alınası deyil. Oyunçuların keyfiyyəti hər zaman öz sözünü deyir. Futbolçularıma təşəkkür edirəm ki, bunu hiss elətdirmədilər. Əlbəttə, sonda qol buraxmaq xoş deyildi. Bəlkə də qol epizodlarımızı dəyərləndirsək, başqa cür olardı. Lakin bunlar bizim üçün təcrübədir. Qələbə münasibətilə rəqibi təbrik edirəm”.
Namazov hakimliklə bağlı danışmaq istəmədiyini bildirib: “Hakimlərlə bağlı nəsə demək istəmirəm. Çünki desəm belə, bundan sonra heç nə dəyişməyəcək. Səhvlərimizdən dərs çıxararaq, gələcəyə baxmalıyıq. Ani bir diqqətsizlikdən penalti epizodu yarandı. Penalti olub-olmadığını deyə bilməsəm də, amma o epizodun yaranması belə səhvdən ibarətdir. Müdafiə xəttində oyun boyu kompakt oynayaraq, rəqibə az şans verdik. Cəmi iki epizodda rəqibə fürsət yaratdıq, o da mövqe dəyişikliyindən sonra oldu. Heç kəs bunlardan sığortalanmayıb, futbolun içində olan təbii hadisələrdir. Fikirləşirəm ki, məğlubiyyətdən sonra belə strategiyanı qoruyub saxlamaq və strukturdan qırağa çıxmamaq vacib amildir. Uduzsaq belə, bu oyunun bizim motivasiyamıza yaxşı təsir edəcəyini düşünürəm. Futbolçularım yenidən elitada oynaya biləcəklərini göstərdilər. Qarşıda öz liqamızda da vacib oyunlarımız var. Hansı ki, elitaya çıxmaq üçün bizə hava və su kimi lazım olan xallardır”.
GÜNAY SÜLEYMANOVA