Sabah Misli Premyer Liqasında 16-cı tura start veriləcək. Turun oyunları 3 günü əhatə edəcək.

Futbolinfo.az saytı üz-üzə gələcək komandaların ölkə çempionatları tarixində əvvəlki matçlarının balansını təqdim edir.

– “Səbail”lə “Araz-Naxçıvan” ötən mövsümdən üz-üzə gəlməyə başlayıblar. Geridə qalan müddətdə komandalar 5 dəfə qarşılaşıblar. “ASCO Arena”da indiyə qədər 2 görüş olub ki, naxçıvanlılar heç birində qələbə qazanmayıblar. Diqqətçəkən digər məqam “Səbail”in bütün matçlarda qol vurmağı bacarmasıdır.

– “Sabah”la “Qarabağ”ın Premyer Liqa çərçivəsində 25-ci dueli öncəsi ağdamlılar böyük üstünlüyə malikdirlər. Qəsəbə təmsilçisi bunların yalnız 2-də qələbə üzü görə bilib. “Qarabağ” isə 15 dəfə meydanı qalib tərk edib. Komandaların son oyunları adətən bol qollu alınır. Təsadüfi deyil ki, axırıncı 3 görüşdə 5 və ya daha çox qol qeydə alınıb. “Qarabağ” son 7 oyunun hamısında qol vurub. Ağdam təmsilçisi budəfəki dueldə 3 dəfə fərqlənə bilsə, “Sabah”ın qapısından keçirdiyi qol sayını 50-yə çatdıracaq.

– Autsayderlər zonasından uzaqlaşmağa çalışan “Kəpəz”i “Zirə” ilə ağır qarşılaşma gözləyir. Statistikaya nəzər yetirsək, görərik ki, gəncəlilər son 13 matçda qələbə qazanmayıblar. Son 3 oyunun hamısında aktivinə 3 xal yazdıran “Zirə” 7 ildən çoxdur məğlubiyyət üzü görmür. Bu hal axırıncı dəfə 2017-ci ilin martında baş verib.

– “Sumqayıt” – “Neftçi” duellərinin son statistikaları ikincilər üçün heç də parlaq görünmür. Paytaxt təmsilçisi 4 matçdır qələbə qazana bilmir. Ancaq digər tərəfdən “ağ-qaralar” son 11 qarşılaşmanın hamısında rəqib qapısına yol tapmağı bacarıb.

– “Turan Tovuz”la “Şamaxı”nın dueli də yaxın keçmişdə – ötən mövsüm başlayıb. Baş tutan 5 oyunda komandalar hərəyə 6 qol vurublar. “Şamaxı” hələ səfərdə uduzmayıbsa, “Turan Tovuz” görüşlərin hamısında qol vurub.

Shares: