“Səbail”in futbolçusu Süleyman Əhmədovun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan Kubokunda “Qaradağ Lökbatan” üzərində 2:0 hesablı qələbə qazandınız. Matçla bağlı düşüncələrin necədir?
– İlk hissədə əlimizdə düşən epizodlardan yararlana bilmədik. Ancaq ikinci hissədə toparlandıq. İki qol vurub qələbə qazandıq, kubokda mərhələ adladıq. “Araz-Naxçıvan”la çempionat oyunu qabağı bizim üçün lazımlı qələbə idi. Növbəti matçlara daha istəkli, motivasiyalı hazırlaşıb qələbələr qazanmaq istəyirik.
– Kubokda mərhələ adladınız, amma çempionatda işlər yaxşı getmir. Bu qalibiyyət sizə nə qədər kömək edəcək?
– Bu qələbənin komandaya özünəinamı qaytaracağına inanıram. İndi daha yaxşı hazırlaşmalıyıq, davamlı şəkildə liqada da xallar qazanmalıyıq. Daha artığını ortaya qoymalıyıq. Aşağı pillələrdən qurtulmaq istəyirik.
– Cavid Hüseynovun baş məşqçi təyinatından sonra bir ümid yaranmışdı ki, “Səbail” daha yaxşı futbol oynayıb, nəticələr qazanacaq. O, komandada nəyisə dəyişib?
– Bir az zamana ehtiyac var. Hər şeyin yaxşı olacağına inanırıq. Verilən tapşırıqları daha düzgün yerinə yetirməliyik. Doğru yolla gedərək qələbələr, yaxşı nəticələr əldə edəcəyimizə ümid edirəm.
– “Araz-Naxçıvan” mövsümün ən yaxşı komandalarındandır və turnir cədvəlində 2-cidir. Onlardan xal almaq mümkün olacaq?
– Komandamızın potensialı var. Bunu bacaracağımıza inanıram. Bir neçə zədəli futbolçumuzun olması problemlər yaradır. Ancaq ən yaxşısını edib xallar qazanmağa çalışacağıq.
– Bu matçdan bir xalla ayrılsanız. sizin üçün yaxşı nəticə sayıla bilər?
– Bizim üçün indiki vəziyyətdə qazandığımız hər xal çox vacibdir. Bir xalın belə çempionatın sonunda bizə çox xeyri dəyə bilər.
ABBAS