İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını “City Football Group”un klublarından birində davam etdirə bilər. Mançester təmsilçisinin rəhbərliyi belçikalı futbolçuya holdinqə daxil olan klublardan birinin müqaviləsini təklif etməyə hazırdır.
Holdinqə “Mançester Siti” ilə yanaşı, “Melburn Siti” (Avstraliya), “Nyu-York Siti” (ABŞ), “Mumbai Siti” (Hindistan), “Montevideo” (Uruqvay), “Trua” (Fransa), “Lommel” (Belçika), “Palermo” (İtaliya), “Bahia” (Braziliya) və “Bolivar” (Boliviya) kimi klublar daxildir. Həmçinin holdinqin “Jirona” (İspaniya), “Şenjen Pen Siti” (Çin) və “Yokohama F. Marinos”da (Yaponiya) da payları var.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. “Şəhərlilər” yaşına görə onunla vidalaşmaq niyyətindədir, lakin təcrübəli futbolçunun digər klublarında faydalı olacağına əmindirlər. De Bruyneni Səudiyyə Ərəbistanı klubları heyətinə qatmaq istəyir.