“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Ölkə kubokunun 1/8 finalında “Zirə”yə uduzdunuz (1:3). Kubokda mübarizəni dayandırmağınızın səbəbini nədə görürsünüz?
– Rəqibin gücünü bilirdik. “Zirə”nin heyətində rotasiyalar edilmişdi. Onlardan fərqli, biz o dərəcədə rotasiya edə bilmirik. Əslində, oyun pis alınmadı. Təəssüf ki, ikinci dövrədə çoxlu fərdi səhvlər edirik, bunlar da bizə baha başa gəlir. Əlbəttə, gənc futbolçularımızın ağır yükün altında səhv buraxmaları normaldır. Gənclər bu səhvlər ola-ola inkişaf edirlər. İki cəbhədə vuruşmaq bu gün “Şamaxı” üçün çox çətindir. Deyərdim ki, futbolçularımız ümumilikdə pis təsir bağışlamadılar, sonadək mübarizə apardılar. Hətta 0:2 hesabı ilə geridə olduğumuz vaxtda da komanda sınmadı, hesab arasındakı fərqi azaltdıqdan sonra da qol epizodlarımız oldu. Hesabı bərabərləşdirə bilərdik, ancaq alınmadı. Buraxdığımız 3-cü qoldan sonra isə üstünlük tam olaraq rəqibin tərəfinə keçdi. Kubok yarışı bizim üçün bitdi, artıq fikrimizi növbəti oyunlara yönəltməliyik.

– Kubok matçından öncə çempionatda “Kəpəz”ə uduzmuşdunuz (0:1). Həmin oyundakı məğlubiyyəti nə ilə izah edərdiniz?
– “Kəpəz”lə oyun bizim üçün çox vacib idi. Çünki turnir cədvəlində sənə yaxın rəqiblərə məğlub olanda işini çətinləşdirirsən. Ümumi götürəndə bu gün Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların xal ehtiyatlarına baxsaq, ən yaxşılardan biri bizik. Birinci dövrəni çox yaxşı keçirtmişdik. Bilirdik ki, bunun davam etdirmək asan olmayacaq. Ancaq zədələr, cəzalar oldu, bunlar çıxışımıza təsirini göstərdi. Xatırladım ki, bu komandanı qısa vaxtda, bir aydan az müddətdə qurmuşuq. Buna baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər. Bəlkə də, bəzi oyunçularımıza istirahət vermək lazımdır. Ancaq biz heyətimizin kasad olması ilə əlaqədar, rotasiyalar edə bilmirik, nəticədə futbolçularımız yüklənirlər, psixoloji olaraq da yorulurlar. Bu periodda ardıcıl məğlubiyyətlər yaşadıq. Əsas odur ki, psixoloji gərginlik olmasın, inam azalmasın. Komandanın potensialı var. Rəhbərliklə görüşlərimiz olur, qışdan sonrası üçün nələrsə fikirləşmək istəyirik. “Kəpəz”ə məğlubiyyət acıdır, amma son demək deyil. Daha çox çalışmalı, istəməli və mübarizə aparmalıyıq.

– Son oyunlarda komanda qələbə üzünə həsrət qalıb. Bu amil futbolçuların üzərində əlavə təzyiq yaradırmı?
– Əlbəttə. Qələbə qazanmayanda futbolçular pis olurlar. Ancaq idmançı psixologiyası bunu tələb edir ki, uduzduğun oyundan sonra növbəti matçadək toparlanmalısan. Futbolda məğlubiyyətlər qaçılmazdır. Bəlkə də, qazandığımız qələbələrə 3 oyundan bir nail olsaydıq, bu gün qazandığımız xal ehtiyatından razı qalardıq. Mənfi tərəfi odur ki, biz ilk dövrəni yaxşı keçirdiyimiz halda, ikinci dövrədə xal qazana bilmirik. Rəqiblər isə ikinci dövrədə xallarını artırırlar. Stabil çıxış üçün lazım olan tələbləri hər kəs bilir. Əsas odur ki, mübarizəmizi aparırıq.

– Növbəti oyunda “Turan Tovuz”un qonağı olacaqsınız. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz? Tovuzlu azarkeşlərin önünə rəqib kimi çıxmaq sizə necə təsir edəcək?
– Bizi ağır matç gözləyir. Tovuzda oynamaq bütün rəqiblərə çətindir. Çünki orada azarkeşlərin dəstəyi möhtəşəmdir. Yaxşı rəqibə qarşı oynayacağıq. Amma nə qədər çətin səfər olsa da, bu oyunda xal qazanmaq istəyirik, çünki buna ehtiyacımız var. Məşqçi kimi ilk dəfədir ki, Tovuzda yerli azarkeşlərin önünə rəqib kimi çıxacağam. “Turan Tovuz”la bağlı yaxşı xatirələrim var. Amma bu gün rəqibik. İstədiyimiz nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik.

– Qışda hansı mövqelərə yeni futbolçu cəlb etməyi planlaşdırırsınız?
– Ümumən, güclənmək istəyirik. Rəhbərliklə bu barədə çox danışırıq. İnşallah, bu ilin son oyunundan sonra tam qərara gələcəyik. Axtarışlarımız davam edir. Güclənməyə çalışacağıq.

FƏRİD

Shares: