“Son dövrlərdə baş verən dəyişikliklər bizim üçün də həssas proses oldu. Zaur Hidayətovla yollarımız qarşılıqlı razılaşma əsasında ayrıldı. Heç kim belə bir vəziyyəti arzulamazdı, lakin hər iki tərəf müzakirələrdən sonra qərara gəldi ki, bu əməkdaşlıq davam etdirilə bilməz. Bu qərar Zaur müəllimin peşəkarlığına kölgə salmır, biz ona gələcək karyerasında yalnız uğurlar arzulayırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Hypers Guba”nın prezidenti Ayaz Abdullayev deyib.

Abdullayev ardıcıl iki baş məşqçi dəyişikliyinin komandaya təsiri haqda da fikirlərini bölüşüb: “Qeyd etmək istərdik ki, futbolçularımız vəziyyətə tam peşəkar yanaşıb və hazırlıqlarını heç bir fasilə vermədən davam etdirirlər. Komanda daxilində birlik ruhu və ortaq məqsəd anlayışı bizim əsas gücümüzdür. Texniki heyət və idarəetmə komandası futbolçuların həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazır olmasına maksimum diqqət yetirir”.

Ayaz bəy artıq yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib: “Yeni baş məşqçi axtarışına başlamışıq və seçim prosesində bir neçə mühüm kriteriyaya üstünlük veririk. Bizim üçün ən vacib olan, Quba futbolunun inkişafını prioritet görən, meydanda döyüş ruhu aşılayan və uzunmüddətli uğurlar üçün əsas yarada biləcək liderlik keyfiyyətlərinə malik bir namizədin seçilməsidir. “Hypers Guba” olaraq məqsədimiz dəyişməzdir – Quba futbolunu ən yüksək zirvələrə daşımaq. Biz çətinliklərin müvəqqəti olduğunu bilir və azarkeşlərimizin dəstəyi ilə bu mərhələni də uğurla geridə qoyacağımıza inanırıq”.

Qeyd edək ki, “Hypers Guba” noyabrın 22-də komandaya baş məşqçi təyin olunan Zaur Hidayətovla bu gün yollarını ayırıb. Ona qədər Vüqar Nadirov da istefaya göndərilmişdi.

GÜNAY SÜLEYMANOVA

Shares: