“Çətin oyun oldu. Yaxşı kollektivə qarşı oynadıq. “Şamaxı”nın “Neftçi” ilə oyununa baxmışdıq və nəyə qadir olduqlarının fərqindəydik. Komanda şəklində yaxşı müdafiə olunduq və rəqibə az epizod verdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin qapıçısı Aydın Bayramov deyib.

Qolkiper kubok matçında hər epizodda maksimum güclərini qoymağa çalışdıqlarını söyləyib: “Oyun zamanı komanda yoldaşlarımızla bir-birimizə dəstək olaraq, kömək edirdik. Hər epizoda maksimumuzu qoymağa çalışdıq. Məncə, layiqli qələbə qazanaraq, bu işin öhdəsindən gəldik. Növbəti mərhələdə “Araz-Naxçıvan”la qarşılaşacağıq. Qış fasiləsi dönəmindən sonra bu matç haqda fikirləşəcəyik. Rəqibi analiz edərək, yaxşı hazırlaşmağa çalışacağıq. “Şamaxı” üzərində qazandığımız qələbə bizə bu oyun üçün daha çox motivasiya verdi”.

Bayramov 16-cı turda “Kəpəz”lə səfərdə keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb: “Tovuzda “Kəpəz” ilə qarşılaşacağıq. Hər oyun meydana qələbə üçün çıxırıq. “Kəpəz” səfəri həmişə çox ağır olub. Son oyunlarda komanda toparlanmağa başlayıb. Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoyacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: