“Araz-Naxçıvan” axır ki, Misli Premyer Liqasının lideri olmağı bacardı. Yeganə məğlubiyyətini ilk turda “Qarabağ”dan alan muxtar respublika təmsilçisi uğurlu oyunlar seriyasını davam etdirərək istəyinə çatdı.

Düzdür, hələ ağdamlılar potensial lider olaraq qalır. Qurban Qurbanovun yetirmələrinə təxirə salınmış oyunda “Şamaxı”ya uduzmamaq da zirvəyə yüksəlməyə kifayət edəcək.

“Araz-Naxçıvan”ın növbəti qurbanı “Səbail” oldu. 16 tura cəmi 10 top buraxan qonaqlar yenə “quru” oyun keçirdi, amma bu dəfə vərdiş etdirdikləri kimi 1 yox, 2 top fərqi ilə qalib gəldi. Praqmatik futbol oynayan, müdafiədə maksimum diqqətli olub, hücumda azsaylı şanslardan maksimum yararlanan naxçıvanlılar bu gedişlə avrokuboka vəsiqəni erkən təmin edəcək. Hətta qışda komanda yaxşı transferlər reallaşdırsa, çempionluq yarışına da ciddi şəkildə qoşula bilər.

“Səbail”ə gəlincə, Cavid Hüseynovun təyinatı ilə son pilləyə yuvarlanan “dənizçilər” xala həsrətdir. Yeni baş məşqçi komandada ciddi dəyişikliyə nail ola bilməyib. Sıralanan məğlubiyyətlər komandanın özünə inamını sarsıdır. Doğrudur, Hüseynovun gəlişindən sonra komanda yalnız liderlərlə oynayıb. Amma həmin matçlarda hətta qol vurmayan Bayıl təmsilçisinin böyük sıçrayış etməsi çətindir. Qış fasiləsndəki transfer siyasəti komandanın gələcək taleyində həlledici faktor olacaq.

“Sabah”la matça yarı əsas heyətlə çıxan “Qarabağ”ın qələbə seriyası bitdi. Masazırda cəmi bir yenilgisi olan “bayquşlar”, ənənəyə sadiq qalıb çempiona layiqli müqavimət göstərdi.

Əslində, bu matç “Qarabağ”ı çətin vəziyyətə salmışdı. Gərgin qrafikdə futbolçuları qorumaq məcburiyyətində olan Qurbanov Aleksey İsayev və Kevin Medinanın zədələnməsindən nəticə çıxararaq ehtiyatlı davranmağa çalışırdı. Avropa Liqasında növbəti matç öncəsi qalan futbolçuların sağlamlığı önəmli idi. Eyni zamanda bütün futbolçuların tonusda qalmasını da düşünən baş məşqçi İsveçdə güvənəcəyi heyətin bütün üzvlərini oynatmağa çalışdı.

Bütün bunların fonunda “Araz-Naxçıvan”ı unutmayan “Qarabağ” “Sabah”la görüşdən maksimum az itki ilə çıxmalı idi. Qurbanov hardasa buna nail oldu. Komanda daha yaxşı futbol oynadı, qol imkanları yaratdı, lakin qələbə qazanmaq mümkün olmadı. İndiki halda naxçıvanlılar önə buraxılsa da, zədələrdən yayınmaqla məğlubiyyətdən qaçmaq ağdamlıların baş məşqçisini sevindirməlidir.

“Sabah”a gəlincə, Vasili Berezutski ən çətin sınağından yaxşı nəticə ilə ayrıldı. Rusiyalı mütəxəssis hələlik özünü yaxşı tərəfdən göstərir. Onun Cessi Sekidika və Coy-Lens Mikels kimi məhsuldar oyunçuları ehtiyatda saxlaması cəsarətli addım idi. Bu futbolçuların yoxluğunda hesabı açan “Sabah” məhz onlar meydanda olarkən qol buraxdı. Berezutski heyətlə çox “oynayır”, lakin sanki həm də bununla fərdlərdən asılı olmadığını, tətbiq etmək istədiyi üslubun daha önəmli olduğunu isbatlamağa çalışır.

Yeni məşqçinin gəlişi ilə “Sabah” xaraktercə fərqli futbol sərgiləyir. Komanda indi daha cəsarətlidir, Berezutski hər futbolçunun müsbət keyfiyyətlərindən faydalanmağa çalışır. Heyətdə rotasiyadan da çəkinməyən məşqçi ipləri əlində tutmağı bacarsa, qış fasiləsindən sonra daha güclü “Sabah” görə bilərik.

AĞA

Shares: