“Qarşılaşmadan öncə xal itirmək ehtimalı gündəmimizdə yox idi, meydana yalnız qələbə üçün çıxmışdıq. Buna baxmayaraq, “Qarabağ”ın futbolçuları nəticəyə təsir edərək hesabı bərabərləşdirdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın qapıçısı Nicat Mehbalıyev deyib.

O, hazırda bütün komandaların bir-birindən xal alma potensialına malik olduğunu bildirib:

“Qarabağ”la oyun bizim turnir cədvəlinin yuxarı pillələrində möhkəmlənmək üçün çox böyük əhəmiyyət daşıyırdı. Hər iki komandanın təhlükəli hücumları oldu. Düşünürəm ki, sonda hesab (1:1) ədalətli nəticə ilə yekunlaşdı. Düzdür, biz heç bir komandadan çəkinmirik. Lakin rəqibin heyətində usta futbolçular, avtomatik olaraq oyunun nəticəsinə təsir edə bilir. Heçdən bir şans yaradaraq, qol vururlar. Bu da onların keyfiyyətindən xəbər verir. Ona görə də Azərbaycan reallığında “Qarabağ” digər komandalardan daha üstün oynayır. Bu gün bütün rəqiblər bir-birinə qarşı böyük stimulla oynayırlar. “Qarabağ”la oyuna necə hazırlaşırıqsa, eynilə “Kəpəz”ə də elə hazırlaşırıq. Heç bir klubu küçümsəmirik. Çünki hazırda bütün komandalar bir-birindən xal alma potensialına malikdir”.

Mehbalıyev yeni baş məşqçiləri Vasili Berezutskinin gəlişi haqda da fikirlərini bölüşüb:

“Biz də istərdik ki, hazırda turnir cədvəlində daha da yuxarı pillələrdə qərarlaşaq. Sadəcə çempionatın ortasında baş məşqçi dəyişikliyi baş verdi. Bu, çətin bir haldır. Yeni baş məşqçi gəldikdən sonra çətin bir situasiyadan çıxdıq. Futbolda belə şeylər olur. Biz də belə çətinliklərə düşmüşük və burdan çıxmağı da bacarmışıq. İnşallah, daha da yuxarılara qalxacağıq. Baş məşqçimizin böyük futbolçu karyerası olub. Ona görə də oyunçuları daha yaxşı anlayır, daha yaxşı görür və hiss edir. Çünki özü də yüksək səviyyədə futbol oynayıb. Belə çətin anlara dəfələrlə düşüb deyə, öz təcrübəsini bizimlə bölüşür”.

Qolkiper son oyunlarda meydana çıxmamasına da münasibət bildirib:

“Milli komandaya getdiyim zaman zədə almışdım. Baldır nahiyəmdə 2-ci dərəcəli zədə var idi. Ona görə də oyunlara çıxa bilmirdim. Hələ stadionlara yeni qayıtmışam. Şükür ki, başqa heç bir problem yoxdur”.

GÜNAY SÜLEYMANOVA

Shares: