Formula 1 üzrə dünya çempionatına yekun vurulub. Əbu Dabidə mövsümün son yarışı keçirilib.
Əsas intriqa Mühəndislər Kubokunda hansı komandanın qalib olacağı idi. Son mərhələdən əvvəl “Maklaren” “Ferrari”ni 21 xal qabaqlayırdı.
Start “Maklaren” üçün uğursuz alınıb. Lando Norris yerini qorusa da, digər pilot Oskar Piastri Maks Ferstappenlə toqquşub. Nəticədə Piastri son pilləyə yuvarlanıb.
Əksinə, “Ferrari” komandası startı yaxşı keçirib. Karlos Sayns bir yer qazanaraq 2-ci pilləyə qalxıb. Lekler isə 19-cu pillədən start verməsinə baxmayaraq xeyli irəliləyib. Sonda Şarl Lekler podiumun son pilləsində yer tutub. Lando Norrisin qələbəsi “Maklaren”ə çempion olmağa imkan verib.
4-cü yer Lyuis Həmiltona, 5-cilik isə “Mersedes”in digər üzvü Corc Rasselə qismət olub. Çempion Maks Ferstappen 6-cı yeri tutub. Onlardan başqa xal zonasında Qasli, Hülkenberq, Alonso və Piastri qərarlaşıblar.