“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 16-cı turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdiniz. Qələbəyə nə mane oldu?

– Hamımız bilirik ki, “Sabah”ın yaxşı komandası, yaxşı oyunçuları var. Matçda qalib gəlməyə çalışdıq, amma mümkün olmadı. Bu, futboldur və bəzən qələbə qazanmaq çətin olur. Məşqçimiz bu qarşılaşma barədə təhlil aparacaq və biz növbəti oyunlarda daha yaxşı oynaya bilərik.

– Heç-heçədən sonra birinci pilləni tərk etdiniz. Bu, sizə təsir etməyəcək?

– Yox, bu futboldur. Zəif nöqtələrimiz üzərində işləyəcəyik. Hələ çox oyunumuz var. Bu matçlardan maksimum nəticələr əldə etməyə çalışacağıq. Düşünürəm ki, qarşıda bizi maraqlı matçlar gözləyir.

– Ehtiyatda bir matçınız var. Bu oyunu udub liderliyə qayıda bilərsiz…

– Biz hər matçda qələbə üçün oynayırıq. Hazırda diqqətimizi qarşıdan gələn Avropa Liqası matçına və çempionatdakı sonrakı oyunlara yönəltmişik. Qış fasiləsinə qədər liqada 2 oyunumuz var və udub xallar qazanmaq istəyirik.

– “Qarabağ” ötənilki mövsümlə müqayisədə müəyyən qədər qeyri-sabit çıxışla diqqət çəkir. Bunun səbəbin nədə görürsən?

– Bir oyun az olsa da, çempionatda ikinci yerdəyik. Biz Avropa Liqasını da nəzərə alsaq, həftədə 2 oyun keçiririk. Təbii ki, bu cür qrafikdə müəyyən xal itkiləri olacaq. Amma dediyim kimi, bizi qarşıda çox matç gözləyir.

– Son zamanlarda daha çox şans qazanırsan. Öz çıxışın barədə nə deyə bilərsən?

– Əsas hədəfim komandama daim kömək etməkdir. Bunun üçün çalışıram, bunun üçün məşq edirəm. Hər dəfə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

– Qarşıda sizi “Elfsborq”la səfər matçı gözləyir. Qalib gələ biləcəksiz?

– Hər oyuna qələbə üçün çıxırıq. Bu, bizim məqsədimizdir. Fikrimcə, bizi çox maraqlı oyun gözləyir.

– “Qarabağ”ın Avropa Liqasında cəmi 3 xalı var. Qarşıdakı oyunlardan sonra mərhələ adlamaq mümkün olacaq?

– Oyundan oyuna daha yaxşı olacaq. Fikrimcə, biz ən yaxşısını bacara bilərik.

FƏRİD

Shares: