“Şamaxı”nın qələbəsiz oyunlar seriyası 9-a çatdı. Məhz “Turan Tovuz”la ev matçından başlayan uğursuzluq bu klubla səfər qarşılaşmasında da bitmədi. Qonaqlar iki dəfə hesabda önə keçdi, amma onu qorumağa gücü çatmadı.
Matç tovuzlular üçün də önəmli idi. Ardıcıl 4 tur qələbəyə həsrət qalan qərblilər yenə büdrəsəydi, avrokuboka vəsiqə uğrunda mübarizədə böyük zərbə alacaqdı. Kurban Berdıyevin yetirmələri buna yaxın idi. Lakin qələbəni daha çox istəyən, bütün komanda ilə hücuma atılan meydan sahibləri son saniyələrdə arzusuna çatdı.
Sürət, dinamika baxımından mövsümün ən yaxşı matçlarından biri baş tutdu. Onsuz da heyəti yetərsiz olan qonaqların son qalmaqallardan sonra daha iki aparıcı oyunçusunu itirməsi Ayxan Abbasovu çətin vəziyyətə salmışdı. “Şamaxı”nın baş məşqçisi çıxış yolunu gənclərə güvənməkdə gördü və peşman olmadı. Düzdür, onların təcrübəsi həlledici məqamlarda yetərli olmadı, lakin matçın dinamik alınmasında məhz onların rolu oldu.
Ötən mövsüm “Turan Tovuz”u çalışdıran, komandanın hazırkı heyətinin 70-80 faizini formalaşdıran Abbasov üçün də doğma şəhərə dönüş önəmli idi. Onunla birlikdə “Şamaxı”ya yollanan Belajdi Pusi hesabı açanda isə turun bağlanış oyununa intriqa gəldi. Tovuzlular hesabı bərabərləşdirəndən sonra Leroy Mikels ikinci məhsuldar ötürməsini verdi. Amma bu da meydan sahiblərinin iradəsini qırmadı. Hesab penalti ilə bərabərləşdi, son saniyələrdə isə qələbə qolu vuruldu.
Bu matçda iki məqam diqqət çəkdi. Tovuzlulardan Roderik Miller rəqibin hər iki qolunda səhv etdi, penalti qazandı və dublla bütün toplarda baş rol ifaçısına çevrildi. Digər məqam Berdıyevin seçimi ilə bağlıydı. Təcrübəli mütəxəssisin qol lazım olan dəqiqələrdə hücumçunu müdafiəçi ilə əvəzləməsi qəribə görünürdü. Lakin sonradan bəlli oldu ki, Araş Qaderi məhz ön xəttə göndərilib – o, hava toplarında mübarizəni udub qol imkanları yaratmalı idi. İlk belə fürsətdə komanda yoldaşı dəqiq oynamadı, Müller isə daha soyuqqanlı davrandı.
Bu nəticə hər iki komandanın mövqeyində qalmasını təmin etdi. “Turan Tovuz” 3-cü pillədə möhkəmləndisə, şamaxılılar “Neftçi”nin məğlubiyyəti sayəsində autsayderlərə qonşu olmadı.
CAVAD