“Qarabağ” Avropa Liqasında həlledici oyunlardan birinə çıxır. Hazırda 5 turdan sonra 3 xalla 32-ci pillədə olan təmsilçimiz qarşıdakı 3 oyunda xal ehtiyatını zənginləşdirə bilməsə, ən yaxşı 24 komanda siyahısında yer ala bilməyəcək.
Belə baxanda, ən çətin rəqiblərlə oyunlar geridə qalıb. Hərçənd, “Bodo Qlimt”lə səfər matçını istisna etsək, digər güclü komandalarla oyunlarda “köhlən atlar” xal qazana bilməyib. Çətin rəqiblər bir kənara qalsın, Bakıda qalib gəlmək üçün ən münasib komandalardan sayılan “Malmö”dən xal qoparmağı bacarmamışıq. Hər halda, İsveç çempionu ilə oyunda hesabı açan da elə “Qarabağ” idi.
İş elə gətirib ki, “Qarabağ” kritik məqamda yenə İsveç komandası ilə oynayacaq. Budəfəki rəqib “Malmö” qədər titullu komanda olmasa da, intizamlı oyunu ilə seçilir. Üstəlik, 3 xal toplayan “Malmö”dən fərqli daha yaxşı vəziyyətdədirlər. Hazırda 4 xalla 28-ci pillədə qərarlaşan “Elfsborq”la səfərdə üz-üzə gəlmək “Qarabağ” üçün göydəndüşmədir” deyə bilmərik. Hər halda, İsveçin Buros şəhərinin komandası bu mövsüm Avropa Liqasının əsas mərhələsində evdə keçirdiyi 2 oyunda 4 xal qazanmağı bacarıb. Bu kollektiv son ev matçında “Braqa” ilə isə 1:1 hesablı heç-heçə oynayıb. Buna qədər də “Roma”nı 1:0 hesabı ilə məğlub ediblər.
“Elfsborq” məğlub olmasına baxmayaraq, səfər matçlarında da xoş təsir bağışlayıb. 6 qat İsveç çempionu “Alkmaar”a 2, “Qalatasaray”a isə 3 qol vurub. Yalnız bir səfər matçında bərbad təsir bağışlayıblar ki, o da son tura təsadüf edib. İsveç klubu Bilbaoda “Atletik”ə 0:3 hesabı ilə uduzub.
İstənilən halda, bu görüşdə “Qarabağ”ın işi heç də asan olmayacaq. Amma “Bodo Qlimt”lə səfər matçında da Norveç klubu favorit idi. Hər halda, Ağdam klubuna qarşı oyunlara qədər rəqib evdə “Portu”, səfərdə “Braqa”nı məğlub etmişdi. Həm də “Qarabağ”ın Skandinaviya klublarına qarşı oyunları alınır. Ona görə də bu oyunu ümidlə gözləməyə dəyər.
Əslində, Avropa Liqasında o qədər də pis təsir bağışlamamasına baxmayaraq, “Elfsborq” artıq başa çatan İsveç çempionatını imkanlarından aşağı səviyyədə keçirdi. 30 turluq çempionatda Oskar Hilyemarkın oyunçuları 13 qələbə, 6 heç-heçə və 11 məğlubiyyətlə mövsümü 7-ci sırada başa vuraraq avrokuboklardan kənarda qaldı. Hər halda, çempion “Malmö”dən 20 xal geriyə düşmək çox uğursuz nəticə sayılmalıdır. Halbuki, 2023-cü ildə “Elfsborq” mövsümü 2-ci sırada başa vurmuşdu. Amma bizə indiki məqamda çempionatı geridə qoyub avrokubokları fikirləşən “Elfsborq” lazımdır. Göründüyü kimi, komanda avrokuboklarda tam fərqli təsir bağışlayır.
Baş məşqçi Oskar Hilyemarkdan söz düşmüşkən, vaxtilə İsveç millisində çıxış edən sabiq yarımmüdafiəçini PSV, “Palermo”, “Cenoa”, “Panatinaikos” və Moskva “Dinamo”sundakı çıxışlarından da tanıyırıq. O, 2020-ci ildə “Olborq” futbolçusu kimi karyerasını bitirdikdən sonra elə Danimarkanın bu klubunda 3 illik staj keçdi və bu il özünə doğma olan “Elfsborq”a təşrif buyurdu. 32 yaşlı mütəxəssis komandaya istədiyi nəticəni qazandıra bilməsə də, döyüşkən kollektiv formalaşdıra bilib. “Elfsborq”un əsas özəlliyi hesabda geriyə düşdüyü vaxtda oyunçuların başını qaldırıb tabloya baxmamasıdır. Onlar sona qədər meydanda döyüşür. Təkcə “Qalatasaray”la İstanbuldakı oyunu yada salmaq kifayətdir. Təsadüfi deyil ki, “Elfsborq” bu görüşdə 0:3 hesabı ilə geridə olmasına baxmayaraq, “Qalatasaray”a 1 top fərqilə məğlub oldu.
Hilyemark komandanı 3-4-3 taktiki sxemi ilə oynadır. Qapıda 27 yaşlı İsak Petterson dayanır ki, onun da qısa müddətli “Tuluza” karyerası olub. Bir müddət də Norveçin “Stabek” klubunda çıxış edib. O, 2018-ci ildə “Nörçöppinq” klubunun üzvü kimi İsveç çempionatının ən yaxşı qapıçısı seçilib.
Müdafinən mərkəzində yerli Sebastyan Holmen, nigeriyalı İbrahim Buhari və qanalı Terri Yeqbe qərarlaşıb. Son 2 ildə “Elfsborq”da çıxış edən Holmen bir müddət Moskva “Dinamo”su, Niderlandın “Villem II” və Türkiyənin “Çaykur Rizəspor” kollekitivində çıxış edib, təcrübəli və etibarlı müdafiəçidir. 23 yaşlı Buhari isə bura 2 il əvvəl Nigeriyanın “Plateu Yunayted” klubundan düşüb. Onunla həmyaşıd olan Terri Yeqbe isə bu il İsveçə təşrif buyurub. O, ötən il Finlandiyanın SJK komandasında çıxış edib.
Müəyyən vaxtlarda meydanda 26 yaşlı Qustav Henrikson da peyda olur ki, onu da son olaraq “Atletik”lə matçda meydanda gördük.
“Elsborq”un yarımmüdafiə xətti döyüşkən oyunçulardan qurulub. Xüsusən də orta xəttin cinahlarına xüsusi diqqət ayırmaq lazımdır. Sağ tərəfdə 31 yaşlı yerli futbolçu Simon Hedlund Almaniyada “Union Berlin” və Danimarkada “Brondbü”nün şərəfini qoruyub. Ötən ildən “Elfsborq”da oynayan Hedlund ara-sıra vurduğu qollarla da diqqət mərkəzinə düşür. Sol cinahda əla reydləri ilə göz oxşayan 34 yaşlı Simon Hultu da gözdən qaçırmaq olmaz. Son 2 mövsümdə bu komandada çıxış edən İsveç millisinin sabiq futbolçusu Fransada “Nitsa”, Yunanıstanda “Olimpiakos” və AEK, Almaniyada “Hannover”in vazkeçilməz üzvlərindən olub. Hərçənd o, əks cinahdakı Hedlund qədər məhsuldar oynamır.
Yarımmüdafiənin mərkəzində Hilyemark 3 futbolçu arasında seçim edir. Söhbət islandiyalı Andre Baldursson, kosovalı Besfort Zeneli və keniyalı Timoti Oumadan gedir. 22 yaşlı Besfort “Elfsborq” yetirməsidirsə, Baldursson son iki ildə icarə əsasında bu komandada çıxış edir. O, hazırda “Bolonya” klubuna məxsusdur. 20 yaşlı Timoti Ouma isə Keniya millisinin üzvüdür.
Yeri gəlmişkən, yəqin ki, yarımmüdafiə xəttində Zeneli soyadı sizə tanış gəldi. Bəli, Belfortu yaxşı tanımasaq da, qardaşı Arberin kəramətinə bələdik. Qurban Qurbanov onu daha yaxşı tanımalıdır. Çünki 2018-ci ildə Priştinadakı matçda Qurbanovun çalışdırdığı millimiz onun qarşısını kəsə bilməmişdi. Nəticədə Zenelinin het-triki ilə Kosovo 4:0 hesabı ilə qalib gəlmişdi.
Bu il “Elfsborq”a gələn 29 yaşlı oyunçu ötən mövsüm Şahrudin Məhəməddəliyevlə birgə “Adana Dəmirspor”da çıxış edib. Bu oyunda ona xüsusi diqqət yetirmək lazımdır. Sol cinahımızda Elvin və ya Toral oynasa, onu qətiyyən boş buraxmamalıdır. O, bəzən əks cinahda da oynaya bilir. Zeneli adətən yerini İsveç U-21 millisinin iraqəsilli üzvü Əhməd Qasemlə dəyişir. O, parlaq oyunu ilə seçilir.
Hücumun sivri ucunda qərarlaşan Qana millisinin 25 yaşlı hücumçusu Maykl Baydudan ehtiyat etmək lazımdır. Son iki ildə bu komandanın şərəfini qoruyan forvard komandanın ən məhsuldar üzvüdür. Əla texnikası və cəldliyi olan 174 sm boya malik futbolçu rəqib müdafiəçilərin gözündən yayınmağı məharətlə bacarır.
Bir sözlə bizi, çox yaxşı hücum xətti olan komandaya qarşı oyun gözləyir. Ümid edirik ki, “Qarabağ” Norveçdə olduğu kimi İsveçdə də qələbə qazanacaq. Əks halda, pley-offa vəsiqə qazanmaq mümkünsüzə çevriləcək.
Azərbaycan klubları İsveç komandalarına qarşı:
1. 01.08.2013. Bakı. UEFA AL. Qarabağ – Gefle 1:0
2. 08.08.2013. Evle. UEFA AL. Gefle – Qarabağ 0:2
3. 17.07.2014. Boras. UEFA AL. Elfsborq – İnter Bakı 0:1
4. 24.07.2014. Bakı. UEFA AL. İnter Bakı – Elfsborq 0:1, p. 3:4
5. 18.08.2016. Göteborq. UEFA AL. Göteborq – Qarabağ 1:0
6. 25.08.2016. Bakı. UEFA AL. Qarabağ – Göteborq 3:0
7. 05.10.2023. Göteborq. UEFA AL. Hekken – Qarabağ 0:1
8. 14.12.2023. Bakı. UEFA AL. Qarabağ – Hekken 2:1
9. 03.10.2024. Bakı. UEFA AL. Qarabağ – Malmö 1:2
ABBAS