“Sabah”ın qapıçısı Yusif İmanovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyunda önə keçsəniz də, qələbə hesabını sonadək qoruya bilmədiniz. Sizcə, heç-heçə (1:1) ədalətli nəticə oldu?
– “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Fikrimcə, bu dəfə də belə oldu. Komanda olaraq yaxşı mübarizə apardıq. Hesabı açsaq da, təəssüf ki, üstünlüyümüzü qoruyub saxlaya bilmədik. Həm bizim, həm də rəqibin qol vurmaq üçün imkanları var idi. Fikrimcə, heç-heçə ədalətli nəticə idi.
– Matç ərzində, xüsusən də oyunun sonlarında kritik seyvlərlə yadda qaldınız. Öz çıxışınızı necə qiymətləndirirsiniz?
– Öz çıxışıma qiymət verməyim doğru olmazdı. Sadəcə, onu deyə bilərəm ki, komandamın yaxşı nəticə qazanması üçün əlimdən gələni etdim.
– Vasili Berezutskinin gəlişindən sonrakı periodda “Sabah”ın çıxışını necə dəyərləndirirsiniz? Yeni baş məşqçiniz qısa zamanda nəyi dəyişməyi bacardı və sizdən əsas tələbi nədir?
– Hər məşqçinin, o cümlədən Vasili Berezutskinin özünəməxsus iş üslubu, yanaşması var. Məşqçinin bizdən əsas tələbi hər oyuna maksimum köklənməyimiz və meydanda komandamızın uğur qazanması üçün bütün bacarığımızı sərgiləməyimizdir. İnanıram ki, Berezutski ilə hədəflərimizə çatacağıq.
– Çempionatın növbəti turunda lider “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Bu oyundan gözləntiniz nədir?
– Komanda olaraq yalnız qələbəyə köklənmişik. Rəqib çempionatda birinci pillədə qərarlaşıb. Lakin Premyer Liqada rəqibin neçənci yerdə qərarlaşmasından asılı olmayaraq, hər oyun çətin keçir. Bu oyun da istisna olmayacaq. Lakin inanıram ki, bu matçdan müsbət nəticə ilə ayrılacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
– Paralel olaraq ölkə kubokunda da çıxışınızı davam etdirirsiniz. 1/4 finalda “Sumqayıt”ı üstələmək şansınız nə qədərdir?
– “Sumqayıt”la oyunumuza hələ var. Buna kimi bizi qarşıda çox vacib çempionat oyunları gözləyir. Əlbəttə, kubokda da mümkün qədər irəli getməyə çalışacağıq. Amma hazırda yalnız çempionatdakı oyunlarımıza köklənmişik.
– Sizin üçün çempionatda gümüş və ya bürünc mükafatçı olmaq daha vacibdir, yoxsa ölkə kubokunu götürmək?
– Uğur qazanmaq üçün mübarizə apardığın hər yarışda maksimuma nail olmağa çalışmalısan. Eyni şey bizim üçün də keçərlidir. Belə deyim, həm mükafatçılar arasında yer almaq, həm də ölkə kubokunda uğur qazanmaq mən və komanda yoldaşlarım üçün əsasdır.
FƏRİD