Həftəsonu Misli Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.
Futbolinfo.az saytının məlumatına görə, 4 futbolçunun həmin turu buraxacağı dəqiqdir.
“Sumqayıt” ötən turda “Neftçi” üzərində qələbə qazanmasına (2:0) baxmayaraq, iki aparıcı futbolçusunun xidmətindən məhrum qalıb. Həmin matçda sarı vərəqə alan müdafiəçi Elvin Bədəlov və yarımmüdafiəçi Rövlan Muradov cəzalı duruma düşüblər. Hər iki oyunçu “Qarabağ”la səfər matçında məşqçilər korpusunun sərəncamında olmayacaq.
“Şamaxı” – “Səbail” görüşündə isə hər komandadan bir oyunçu yer almayacaq. Bölgə təmsilçisində Brahim Konate, qəsəbə klubunda isə Rüfət Abdullazadə 4 sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, Azərbaycan çempionatında 17-ci turun oyunları 14-16 dekabr aralığında keçiriləcək.