Azərbaycan millisinin sabiq futbolçusu Andre Ladaqa yığmanın UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.
2006-cı ildə “Bakı”nın formasını geyinərkən milliləşdirilən keçmiş sağ cinah müdafiəçisi futbolinfo.az saytına açıqlamasında komandanın nəticələrinin məyusedici olduğunu bildirib.
49 yaşlı brziliyalı Azərbaycan futbolunun buna layiq olmadığını düşünür: “Azərbaycanı 15 ilə yaxındır tərk etməyimə baxmayaraq, futbolunuzu diqqətdə saxlayıram. Məsələn, milli komandanın UEFA Millətlər Liqasındakı oyunlarının videoyazılarına baxırdım, nəticələrindən məlumatlı olurdum. Əlbəttə, nəticələr sizin kimi, məni də çox üzürdü. Yığmanın D Liqasına düşməsi acı reallıqdır. Halbuki Azərbaycan futbolunun inkişaf üçün potensialı var və ölkənizdə futbolu çox sevirlər. Sadəcə, düzgün irəliləmək və təkan vermək lazımdır”.
Qeyd edək ki, Andre Ladaqa 2006-2007-ci illərdə Azərbaycan millisinin heyətində 11 oyun keçirib, 1 qol vurub. O, 2004-2008-ci illərdə “Bakı”nın, 2009-10 mövsümündə isə “Karvan”ın formasını geyinib.