Tütün dünya üzrə əhalinin ölümünün əsas səbəblərindən biridir. Lakin onun qarşısını almaq mümkündür. Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu zərərli vərdişdən yaxa qurtarmaq arzusundadır. Onlar siqareti öz istəyilə deyil, tütünün tərkibindəki nikotindən asılılığa görə çəkirlər.
Siqaret çəkmək ilk növbədə oksigen mübadiləsini çətinləşdirir, bu isə birbaşa idman fəaliyyətinə təsir göstərir. Ağciyərlərin kiçilməsi, bəlğəm müşahidə olunur ki, bu da zamanla öskürəyə və təngnənəfəsliyə gətirib çıxarır.
İnsanın təmiz, yəni tərkibində zəhərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ ictimai yerlərdə siqaret çəkmək və beləliklə başqalarının sağlamlığına təhlükə yaratmaq hüququndan qat-qat üstündür. Statistika göstərir ki, tütünün törətdiyi xəstəliklər nəticəsində hər il dünyada 6 milyondan çox insan vəfat edir. 20-ci əsrdə tütün epidemiyası Yer üzündə 100 milyon insanın həyatına son qoyub. Hazırki tendensiya davam etsə, 2030-cu ilədək nikotindən ölənlərin sayının ildə 8 milyona çatması gözlənilir. Ümumiyyətlə isə, ehtimal olunur ki, tütün məmulatları 21-ci əsrdə 1 milyard insanın həyatını yarımçıq qoyacaq.
Həsən Süleymanov (terapevt): “Organizmə ümumi təsiri baxımından idmançılarda daha çox təsirini görürük. Onların qan dövranı daha sürətli olduğundan, tütün məhsullarının zərərli birləşmələrinin orqanizmdə daha tez paylanmasına və nəticədə onların bu məhsullarla daha çox zəhərlənmələrinə gətirib çıxardır”.
Orta hesabla dünya əhalisinin 30%-i siqaret çəkir. Qadınlara nisbətən kişilər siqaretə daha çox aludə olurlar. Azərbaycanda kişilərin təxminən yarısı siqaret çəkir. Tədqiqatlara əsasən demək olar ki, tütünün sağlamlığa vurduğu zərər siqaret çəkməyə başladıqdan illər sonra özünü göstərir. Bu da o deməkdir ki, tütün istehlakının qlobal miqyas aldığı bir şəraitdə üzə çıxan xəstəliklər yalnız indi ölüm epidemiyasına çevrilməyə başlayır.
Siqaretdən asılılığın yaranması çox vaxt erkən yaşlarda baş verir. Yeniyetmə və gənclər, adətən, özlərini böyüklərə oxşatmaq üçün siqaret çəkərək qürrələnir və tədricən onun əsirinə çevrilirlər. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkir və getdikcə ona vərdiş edir. Çəkilən hər siqaretarası fasilələrdə orqanizmə nikotin daxil olmur. Bununla belə, orqanizmdə nikotinə müəyyən tələbat qalır. Bu amil insanda əsəb gərginliyi yaradır, nəticədə stress halları artır.
Tütün çəkən şəxsin ürəyi 30 faiz daha sürətli döyünür, bu isə idmanla məşğul olarkən ürəyə əlavə yük salır. Öz növbəsində bu, tez yorğunluğa, güc göstəricilərinin düşməsinə səbəb olur. Siqaret çəkmək idmançı üçün vacib hormonlardan biri hesab olunan testosteronun səviyyəsini ciddi şəkildə aşağı salır, əzələ inkişafını məhdudlaşdıran miostatinin səviyyəsini isə yüksəldir.
Müşviq Teymurov (futbolçu): “İdmançının bərpa prosesi üçün ziyandır. Ümumiyyətlə, bütün hallarda pis vərdişdir. Sadəcə, futbol üçün yox, basketbol, voleybol, yəni hər bir idman növü üçün çox pisdir. Bir insan üçün pisdir, idmançı üçün isə qəbuledilməzdir”.
İnsanların əksəriyyəti siqaretin zərərli təsirindən xəbərdardır, lakin bu barədə məlumatı olmayanlar da az deyil. Təkcə onu demək kifayətdir ki, yandırılan hər siqaretdə 4 mindən çox kimyəvi birləşmə, o cümlədən, 40-dan çox kanserogen, yəni xərçəng xəstəliyi yaradan maddə olur. Nümunə kimi karbon-monoksid, kadmium, vinil-xlorid, polonium-210 və başqalarını göstərə bilərik.
Siqaret çəkən idmançı nəinki öz sağlamlığına zərər verir, eyni zamanda onun bu hərəkətinin şahidi olan gənc nəslin də tərbiyəsinə xələl yetirmiş olur.
Valeh Mirzəliyev (futbol məşqçisi): “Siqaret inkişaf etməkdə olan gənclərimizin inkişafına böyük təsir edir. Ölan idmançıların siqaret çəkməklə məşğul olmaları əlbəttə ki, çox ziyanlı bir şeydir. Biz də onlara sizin sayt vasitəsi ilə müraciət etmək istərdik ki, bu vərdişlərdən əl çəksinlər və peşəkar sahədə onların həyat tərzinə müsbət təsir göstərən amillərlə, hərəkətlərlə məşğul olsunlar”.
Qeyd olunanları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, elə qəribə səsləndiyi kimi, idman və tütün məmulatlarının istifadəsi uyğun olmayan anlayışlardır. Bronxit, astma, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olan bu vərdişin zərərlərini isə azaltmaq çətin olsa da mümkündür. Odur ki, “sağlam bədəndə, sağ ruh olar” prinsipi ilə yanaşıb, idman formasını qorumaqda fayda var.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu