“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 16-cı turunda “Səbail” üzərində 2:0 hesablı qələbə qazandınız. Matçla bağlı fikirləriniz necədir?
– Ağır oyun oldu. Ancaq biz buna hazır idik. Matçın asan keçməyəcəyini əvvəldən bilirdik. Komandamızın hər bir üzvü qələbə üçün əlindən gələni etdi. Bu görüşdən 3 xalla ayrıldığımız üçün şadam.
– Ardıcıl 5-ci oyundur ki, rəqiblər sizə qol vura bilmirlər. Bu uğurlu statistikaya nail olacağınıza dair özünüzdə inam var idi? Cari mövsümdə daha inamlı çıxışınızın səbəbi nədir?
– Əvvəla onu deyim ki, hər bir pozitiv statistika insana xoş gəlir. Təbii ki, ardıcıl 5 oyunda qol buraxmamaq mənim də ürəyimcədir. Bütün oyunlarda var gücümü meydanda qoyuram və komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edirəm. Bu, belə də davam edəcək.
– Növbəti turda sizi “Sabah”la görüş gözləyir. Rəqib yeni baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altında hələ uduzmayıb. Bu gedişata son qoya biləcəksiniz?
– Həqiqətən də, bizi çox ağır oyun gözləyir. Sizin də qeyd etdiyiniz kimi, yeni baş məşqçinin gəlişindən sonra “Sabah” yüksəlişdədir. Ancaq bu, bizi qorxutmur. Əminəm ki, məşqçilərimiz rəqiblə bağlı bütün lazımi məlumatları bizə çatdıracaqlar. Oyuna yaxşı hazırlaşacağıq və matç günü uğurlu nəticə üçün əlimizdən gələni əsirgəməyəcəyik.
– Son turda qeydə alınan nəticələrdən sonra “Araz-Naxçıvan” turnir cədvəlində birinci pilləyə yüksəldi. Hazırkı mövqeyinizdə uzun müddət qalmağı, bu tempi sonadək davam etdirməyi bacaracaqsınız?
– Biz çempionatın sonunu fikirləşmirik, ancaq bu gün haqda düşünürük. Hazırkı məqamda beynimizdə yalnız “Sabah”la oyun var. Hamı bir nəfər kimi bu görüşə köklənib. Ümid edirəm ki, buvaxtadək göstərdiyimiz tempi “Sabah”la qarşılaşmada da təkrarlaya biləcəyik.
– Baş məşqçiniz Elmar Baxşıyev haqda da fikirlərinizi bilmək istərdik. Onun məşqçi kimi güclü cəhətləri hansılardır?
– Fikrimcə, bu barədə xüsusi danışmağa ehtiyac yoxdur. Çünki Elmar Baxşıyevin güclü cəhətlərini hər kəs yaxşı bilir. Bunu “Araz-Naxçıvan”ın meydanda sərgilədiyi oyuna baxmaqla da anlamaq mümkündür. Baxşıyev güclü mütəxəssisdir, öz futbol fəlsəfəsi var. Əsas odur ki, düşündüklərini, tələb etdiyi oyun tərzini bizə aşılaya bilir.
– Paralel olaraq Azərbaycan Kubokunda da çıxış edirsiniz və turnirin 1/4 finalında “Zirə” ilə üz-üzə gələcəksiniz. Sizə görə, “Araz-Naxçıvan”ın yarımfinala adlamaq şansı nə qədərdir?
– Çempionat kimi, kubok oyunları da bizim üçün vacibdir. Ancaq “Zirə” ilə matçlara hələ vaxt var. Zamanı gələndə bu barədə düşünməyə başlayacağıq.
ABBAS