AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsi çərçivəsində dekabrın 12-də “Elfsborq”un qonağı olacaq. Bu görüşdə komandamızdan hansı nəticəni gözləyirsiniz?
– İsveç komandalarına qarşı mübarizə aparmaq təcrübəmiz var. “Qarabağ”ı çox vacib oyun gözləyir. Düzdür, “Elfsborq” heç də asan rəqib deyil. Bu komanda Liqa mərhələsi çərçivəsində öz meydanında keçirdiyi oyunlarda “Roma”ya qalib gəlib, “Braqa” ilə heç-heçə edib. Buna baxmayaraq, çempionumuzun da özünəməxsus oyun tərzinə malik olmaq, ildən-ilə güclənmək, zəngin avrokubok təcrübəsinə yiyələnmək kimi üstünlükləri var. Fikrimcə, yeni formatda 9 xal əldə etmək pley-offa vəsiqə üçün kifayət edər. Bunun üçün İsveçdən mütləq müsbət nəticə ilə qayıtmaq lazımdır. Bunu ekstremal vəziyyət adlandırardım. “Qarabağ” belə anlarda toparlanaraq, lazım olan xalları qazana bilir. İnanıram ki, “Qarabağ” rəqibə məğlubiyyət yaşadaraq, pley-offa vəsiqə şansını artıracaq.
– “Neftçi” Samir Abasovun gəlişindən sonra da özünə gəlməkdə çətinlik çəkir. Sizcə, Abasova komandanı toparlaması üçün daha nə qədər vaxt lazımdır?
– “Neftçi” çətin durumdan çıxmaq üçün baş məşqçi dəyişikliyinə getdi, Roman Qriqorçukun yerinə Samir Abasovu gətirdi. Birdən-birə böyük dəyişikliklər gözləmək düzgün olmazdı. Ən vacibi odur ki, hər birimiz “Neftçi”nin əzəmətinin qayıtmasını arzulayırıq. Komanda layiq olduğu yerdə qərarlaşmalı, azarkeşlərini daxili arenada və Avropada sevindirməlidir. Klubun daxilində peşəkar və işi bilən insanlar var. Onlar səhvləri, problemləri görürlər. Bunun həlli üçün addımlar atacaqlar. Düşünürəm ki, transfer dönəmi başlayanda dəyişikliklərin şahidi olacağıq. İnanıram ki, tam fərqli, əzəmətli, güclü və layiq olduğu yer uğrunda mübarizə aparan “Neftçi” görəcəyik. Uğursuzluq olanda günahı baş məşqçidə axtarmaq istəyirik. Son illərə baxsaq, görərik ki, belə dəyişikliklə müsbət nəticə əldə etmək olmur. Hesab edirəm ki, məşqçini dəvət edərək inanıblarsa, ona vaxt verməli və arxasında durmalıdırlar.
– Vasili Berezutskinin gəlişindən sonra “Sabah” necə təsir bağışlayır?
– “Sabah” Berezutskinin rəhbərliyi altında cəmi 3 oyun keçirib. Hər üç matç ağır rəqiblərə qarşı olub. Son turda çempion “Qarabağ”la qarşılaşdılar, ölkə kubokunda isə mövsümün sürpriz komandalarından olan “Turan Tovuz”la üz-üzə gəldilər. Digər matç isə “Səbail”ə qarşı oldu. Hər üç görüşdə komanda motivasiyalı və intizamlı göründü. Oyun planında ciddi dəyişiklik görməsək də, komanda şəklində çox yaxşı mübarizə apardılar. Yeni baş məşqçinin rəhbərliyi altında 7 gün ərzində əla başlanğıc etdilər. Çempionatda “Qarabağ”la bərabərə qaldılar, “Səbail”ə qalib gəldilər, kubokda isə “Turan Tovuz”u mübarizədən kənarlaşdırdılar. “Sabah”ın potensialı var. İnanıram ki, bu dəyişiklik komandanın gələcəkdə potensialını tam üzə çıxarmasına imkan verəcək.
– “Araz-Naxçıvan”ın cari mövsümdəki inamlı çıxışı sizi təəccübləndirmir?
– Hesab edirəm ki, çempionatın sürpriz komandalarından biri də “Araz-Naxçıvan”dır. Etiraf edək ki, hamımız “Qarabağ”la çempionluq uğrunda “Neftçi” və “Sabah”ın rəqabət aparacağını gözləyirdik. Ancaq hər ikisi obyektiv və subyektiv səbəblərdən bu mübarizədən geri qalır. “Araz-Naxçıvan” ilk turda “Qarabağ”a uduzsa da, həmin vaxtdan bəri məğlubiyyətsizlik seriyasını davam etdirir. Üstəlik, məzmunlu oyunla turdan-tura nəticələrini yaxşılaşdırır. Fikrimcə, bu cür davam etsələr, gələn mövsüm Azərbaycanı avrokuboklarda təmsil edə biləcəklər. Ümumiyyətlə, Premyer Liqanın bu təqvim ilində iki tur qalıb. Komandaları tək-tək dəyərləndirdiyimiz zaman görərik ki, haradasa gözlənilməzlik elementi, eyni zamanda, müəyyən sabitlik var. Bəziləri ayağa qalxdı, bəziləri uğursuz həftə keçirdi.
– Sizcə, indiki vəziyyətə görə hansı komandanın mövsümün sonunda Premyer Liqanı tərk etmək ehtimalı daha yüksəkdir?
– Çox gərgin, intriqa dolu çempionata şahidlik edirik. Avrokuboklara vəsiqə qazanmaq və elitada qalmaq uğrunda yarışan komandalar arasında gərgin mübarizə gedir. İndidən nəsə demək çox çətindir. Çünki mövsüm hələ indi yarılanmaq üzrədir. Qış transfer dönəmində komandalar güclənməklə fərqli qrafik cıza bilərlər. Hesab edirəm ki, mövsümün ikinci yarısındakı rəqabət indikindən də böyük olacaq. Qoy güclü komandalar avrokuboklarda ölkəmizi təmsil etsin, layiq olanlar elitadakı yerlərini qorusunlar.
FƏRİD