AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Neftçi”nin çətin durumdan çıxacağına inanır. Təcrübəli mütəxəssis yeni baş məşqçi Samir Abasova vaxt verilməsini lazım bilir.
Futbolinfo.az saytına açıqlama verən Sadıqov bu barədə danışıb: “Neftçi” çətin durumdan çıxmaq üçün baş məşqçi dəyişikliyinə getdi, Roman Qriqorçukun yerinə Samir Abasovu gətirdi. Birdən-birə böyük dəyişikliklər gözləmək düzgün olmazdı. Ən vacibi odur ki, hər birimiz “Neftçi”nin əzəmətinin qayıtmasını arzulayırıq. Komanda layiq olduğu yerdə qərarlaşmalı, azarkeşlərini daxili arenada və Avropada sevindirməlidir. Klubun daxilində peşəkar və işi bilən insanlar var. Onlar səhvləri, problemləri görürlər. Bunun həlli üçün addımlar atacaqlar”.
Vaqif bəy transfer dönəmində bakılıların ciddi addılar atacağını düşünür: “Transfer dönəmi başlayanda dəyişikliklərin şahidi olacağıq. İnanıram ki, tam fərqli, əzəmətli, güclü və layiq olduğu yer uğrunda mübarizə aparan “Neftçi” görəcəyik. Uğursuzluq olanda günahı baş məşqçidə axtarmaq istəyirik. Son illərə baxsaq, görərik ki, belə dəyişikliklə müsbət nəticə əldə etmək olmur. Hesab edirəm ki, məşqçini dəvət edərək inanıblarsa, ona vaxt verməli və arxasında durmalıdırlar”.