“Rəqib “Qarabağ”ı evdə qəbul etdiyi üçün bu, artıq onların ilk üstünlüyüdür. Hətta atletik baxımdan da bizdən üstün ola bilərlər. Lakin “Elfsborg”un oyunçularının texniki keyfiyyətlərinin “Qarabağ”dan geri qaldığını düşünürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın səfərdə daha yaxşı çıxış etdiyini bildirib: “Hamıya məlumdur ki, “Qarabağ”ın özünəməxsus oyun üslubu var və xüsusən səfər oyunlarında daha yaxşı çıxış edir. Rəqib, evdə oynadığı üçün hücum etməyə çalışacaq, amma Ağdam təmsilçisi sürətli əks-hücumlarla onları cəzalandıraraq məqsədinə çata bilər. Juninyo, Zubir, Leonardo Andrade və Benzia kimi kreativ oyunçular rəqib müdafiəsi üçün böyük problemlər yaradır. Üstəlik, Yanukoviç və Romao meydanda olduqda, onların geniş oyun görüşü komandaya əlavə güc qatır. Rəqib hücum futbolu oynamağa çalışacaq, amma biz də həmin fürsətlərdən istifadə edib əks-hücumlarla arxadakı boşluqları dəyərləndirməliyik”.
Əsədov təmsilçimizin qələbə qazanma şansının yüksək olduğunu söyləyib: “Qarabağ” hazırda Avropa Liqası oyunlarına xüsusi motivasiya ilə yanaşır. Buna görə də psixoloji çətinliklərin komandaya mane olacağını düşünmürəm. Təmsilçimizin qələbə şansı yüksəkdir, çünki son dövrlərdə qazandıqları xalların çoxunu səfər oyunlarında əldə ediblər. Komanda səfərdə daha inamlı çıxış edir və bu oyunda da qələbə qazana biləcəyinə inanıram. Hava şəraiti, meydançanın süni örtüyü və azarkeş dəstəyi müəyyən çətinliklər yarada bilər, amma bu təsirlər əsasən ilk 10-15 dəqiqə ərzində özünü göstərəcək. Bu oyunun nəticəsi çox vacibdir, çünki turnir cədvəlində “Qarabağ”ı üstələyən komandalarla xal fərqi azdır. Son üç oyunda göstərəcəyi nəticə təmsilçimizi növbəti mərhələyə daşıya bilər. Odur ki, “Elfsborg”la oyundan çox şey aslıdır. Burada hər hansı mənfi nəticə komandamızın şanslarını azalda bilər. Ümid edək ki, hər şey “Qarabağ”ın xeyrinə nəticələnəcək”.
GÜNAY SÜLEYMANOVA