“Rəqib Avropa Liqasında gözlənilməz şəkildə uğurla çıxış edərək mühüm xallar toplayıb. Buna baxmayaraq, “Qarabağ”a uyğun bir rəqibdir. Skandinaviya ölkələrinin atletik futbola önəm verdiyini nəzərə alsaq, təmsilçimizin texniki və topla oynamağa əsaslanan oyun tərzi üstünlük qazanmağa imkan verə bilər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Əfran ismayılov deyib.

Sabiq futbolçu “Qarabağ”ın qalib gəlmək şansının daha çox olduğunu söyləyib: “Qarabağ” öz oyununu sərgiləyə bilsə, qalib gəlmək üçün şansının yüksək olduğunu düşünürəm. “Elfsborq” ciddi təhlükə yarada biləcək gücdə deyil. İnşallah, komandamız bu vacib oyunda qalib gələrək vətənə qələbə ilə qayıdar. Çünki pley-off mərhələsinə yüksəlməyi hədəfləyiriksə, bu oyunda qazanılacaq 3 xal böyük əhəmiyyət daşıyır. Komandamız öz oyun stilinə sadiq qalmalı və yaranan fürsətləri maksimum dəyərləndirməlidir. Düzdür, Bəhlul Mustafazadə və Kevin Medina kimi hündür boylu futbolçularımızın olmaması müəyyən mənada itki sayıla bilər. Amma əminəm ki, onların əvəzinə meydana çıxacaq oyunçular komandaya lazım olan dəstəyi verəcəklər. Bu matçın nə qədər vacib olduğunu hər kəs yaxşı anlayır”.

İsmayılov bildirib ki, “Qarabağ” Avropa Liqasında irəliləmək istəyirsə, bu oyunda mütləq qələbə qazanmalıdır: “Qarabağ” illərin təcrübəsinə sahibdir və “Elfsborq” kimi rəqiblərdən daha güclü komandalarla qarşılaşıb, öz potensialını sübut edib. Komandamızın keçmiş nəticələri bir kənara qoyaraq, tamamilə bu oyuna fokuslanacağına inanıram. İnşallah, ən yaxşı performanslarını sərgiləyərək qələbə qazanacaqlar. Nə hava şəraiti, nə də rəqibə azarkeş dəstəyi “Qarabağ”ın oyununa təsir göstərə bilər. Baş məşqçinin verdiyi tapşırıqlar düzgün yerinə yetirildiyi təqdirdə, heç bir maneə komandanı dayandıra bilməz. Qarşıda 3 oyun var və Avropa Liqasında irəliləmək tamamilə təmsilçimizin öz əlindədir. Pley-offa yüksəlməyi hədəfləyiriksə, bu oyunda qalib gəlmək əsas şərtdir. Belə bir qələbə gələcək oyunlara motivasiya qatacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: