UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Elfsborq ciddi problemlər yaşayır.

İsveç mətbuatına istinadən xəbər verir ki, Boras klubunun heyətindəki itkilərlə yanaşı, oyun praktikasından əziyyət çəkməsi də baş məşqçi Oskar Hilyemarkı narahat edir.

İsveç çempionatında mövsüm bitib və “Elfsborq” son rəsmi matçını noyabrda keçirib. Futbolçuların oyun ritmindən düşmələri Skandinaviya təmsilçisinə problem yarada bilər. Yerli KİV “Qarabağ”ı belə bir məqamda arzuolunmaz rəqib kimi qələmə verib: “Çünki Azərbaycan komandasının futbolçuları daha texnikalıdırlar və topla oynamağı sevirlər. Onlar tempi artırsa və təzyiq göstərsə, bu, “Elfsborq” üçün heç də yaxşı olmaz. Bütün bunları nəzərə alsaq, evdə oynamağımıza baxmayaraq, heç-heçə də pis nəticə sayılmamalıdır”.

Qeyd edək ki, bu gün “Boras Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Shares: