Həftəsonu Misli Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansına diqqət yetirdikdə, iki yubiley görüşünün baş tutacağını söyləmək olar.
Həmçinin tur bəzi komandalar üçün uğursuz seriyanı qırmaq baxımından şansdır:
– “Şamaxı” ilə “Səbail” 25-ci dəfə üz-üzə gələcək. 2017-ci ildən yaranan rəqabətdə tərəflər arasında başabaş mübarizə olub. Təsadüfi deyil ki, “Şamaxı”nın aktivində 7, “Səbail”də isə 9 qalibiyyət var. Top fərqində də qəsəbə təmsilçisi kiçik üstünlüyə malikdir – 25:23. Bölgə komandası son iki qarşılaşmada nə qol, nə də xal üzü görüb. Əvəzində bakılılar bu il və ötən il baş tutan ümumilikdə 3 qarşılaşmanın hər birində rəqib qapısına yol tapmağı bacarıb. Autsayderlərin budəfəki duelində “Şamaxı” uğursuz seriyanı qırmağa çalışacaq.
– “Araz-Naxçıvan”la “Sabah” ötən mövsümdən elitada qarşılaşırlar. Hazırda turnir cədvəlinə başçılıq edən Naxçıvan komandası geridə qalan 5 matçın yalnız 1-də qələbə qazanıb, 2 dəfə meydanı məğlub tərk edib. Top fərqində də “Sabah”ın cüzi üstünlüyü diqqət çəkir – 5:4. Maraqlıdır ki, “Araz-Naxçıvan”ın meydanında qol vuran komanda qələbə qazanır. “Sabah” isə son 3 matçda uduzmayıb.
– “Zirə” ilə “Turan Tovuz” yubiley görüşünə çıxacaqlar. Çünki bu, komandaların Premyer Liqada 10-cu qarşılaşması olacaq. Turnir cədvəlində qonşu olan komandaların bir-birinə qarşı statistikasında zirəlilər üstündürlər. Ən diqqətçəkən məqam odur ki, komandaların duelləri adətən qollu alınır. “Turan Tovuz” son 6 matçını qolsuz tərk etməyibsə, “Zirə”nin ev oyunlarında hər iki komanda fərqlənməyə müvəffəq olub.
– Vaxtilə əzəli rəqiblər olan, hazırda isə autsayder mövqelərində qərarlaşan “Neftçi” ilə “Kəpəz” 61-ci dəfə üz-üzə gələcək. “Neftçi” meydanı 3 xalla tərk etsə, gəncəlilər üzərində çempionatda 30-cu qələbəsini qazanacaq. “Ağ-qaralar” rəqibi iki dəfə mərkəzə dəvət edərsə, “Kəpəz”lə qarşılaşmalarda ümumi qol sayını 100-ə çatdıracaq. Nəzərə alaq ki, son üç görüşdə 6 və ya daha çox qol vurulub. “Neftçi” axırıncı 2 ev matçında qələbə qazanıb.
– “Qarabağ”la “Sumqayıt”ın qarşıdurmalarının statistikası “kimyaçılar” üçün bərbad görünür. 36 dəfə məğlubiyyətə düçar olan “gənclik şəhəri” təmsilçisi 48 oyunun cəmi 7-də qələbə ilə öyünə bilib. Ancaq son üç matçda qol vuran tərəf qalib gəlib. “Qarabağ” axırıncı iki ev görüşündə quruhesablı qələbə qazanıb.
Qeyd edək ki, dekabrın 14-də “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah”, 15-də “Zirə” – “Turan Tovuz”, “Neftçi” – “Kəpəz”, 16-da isə “Qarabağ” – “Sumqayıt” oyunu keçiriləcək.