“Qarabağ” qarşısında “Elfsborq” beşli müdafiə sistemi ilə oynayacaq. Bu, kompakt müdafiə quracaqlarını göstərir və belə bir müdafiəni yarmaq komandamız üçün çətinlik yarada bilər. Onların digər üstünlüyü isə ev sahibi olmalarıdır. Gənc və təcrübəli oyunçuların balansını qurduqları üçün yaxşı bir komandadırlar. Əgər onlara imkan yaradılsa, hücumda qol vurmağı bacarırlar ki, bunu əvvəlki oyunlarda da nümayiş etdiriblər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis “Elfsborq”un zəif nöqtələrindən də danışıb: “Arxadan oyun qurarkən və kombinasiya əsasında hücum qurmağa çalışarkən çoxlu sayda top itkilərinə məruz qalırlar. Hücumda ikən müdafiəyə keçidlərində isə zaman-zaman problemlər yaşayırlar və bu vəziyyətdə çoxlu qol buraxırlar. Ən zəif nöqtələri isə təcrübə çatışmazlığıdır. Avroliqada bu baxımdan ən azı “Qarabağ”a uduzurlar. “Elfsborq”u çox geniş analiz etməmişəm, amma bir-iki oyununu izlədikdən sonra belə nəticəyə gəldim. “Qarabağ” üçün taktika və strategiyanın o qədər də böyük əhəmiyyəti olmayacaq. Onların fərqli oyun planı yoxdur, sadəcə, bəzi taktiki dəyişikliklər üzərində işləyirlər. Lakin burada topa sahib olmaq və cinah oyunçularının yaxşı performansı çox vacib olacaq. Zubir və Juninyo bu oyunun taleyini həll edə bilərlər. Eyni zamanda, meydanın mərkəzində Yankoviç əvəzolunmaz futbolçudur. Elvin Cəfərquliyevin son oyunlardakı performansı isə onun bu qarşılaşmada da mühüm rol oynaya biləcəyini göstərir”.
Aslan bəy müdafiə və hücum strategiyası haqda da fikirlərini bölüşüb: “Müdafiə strategiyası və hücum balansı diqqətlə qurulmalıdır. Xüsusilə top itkilərindən sonra müdafiəyə tez keçid vacibdir. İlk 10 dəqiqə kritik olacaq və bu müddətdə “Qarabağ” mümkün qədər diqqətli olmalıdır. Onların öz mövqelərini tez bərpa etmələri və ehtiyatlı davranmaları lazımdır. Standart vəziyyətlərdə də təhlükəlidir. İsveçli azarkeşlərdən çılğınlıq nümayiş etdirməsini gözləmək düzgün olmazdı. 10 ildən çoxdur ki, “Qarabağ” bu cür oyunlarda iştirak edir. Düzdür, səfər oyunlarının psixoloji və fiziki təsirləri var. Yolçuluq, səyahət yorğunluğu və hava şəraiti futbolçuların performansına təsir edə bilər. Soyuq hava şəraiti “Qarabağ” üçün mənfi haldır, çünki bəzi futbolçuların bu şəraitdə uyğunlaşmaqda çətinlik yaşamaq ehtimalı var. Lakin bu, çox böyük fərq yaratmayacaq”.
Kərimov “Elfsborq”un digər rəqiblərə nisbətən daha zəif olduğunu söyləyib: “Hazırda 3 xalımız var. Qazanılan hər bir xal pley-off mərhələsinə düşməyimiz üçün vacibdir. Böyükhesablı qalibiyyət belə gələcəkdə komandamızın pley-offa düşməsinə təsir edə bilər. Bu qədər komandaların olduğu turnirdə top fərqi böyük rol oynayır və qol buraxmadan qalib gəlmək vacibdir. Uğursuz oyunlara baxmayaraq, qarşıdan gələn hər 3 oyundan xal götürə bilərik. “Elfsborq” komanda olaraq bizdən daha zəifdir və 100 faiz əminəm ki, “Qarabağ” səfərdə onlara qalib gələcək. Düzdür, Avroliqada zəif komanda yoxdur. Lakin digər rəqiblərimizlə müqayisədə “Elfsborq” biraz zəif qalır. Hazırda 4 xal toplayıblar. Amma qələbələri “Roma”nın çox bərbad olan vaxtına düşmüşdü. Topa sahib olmaq və strateji balansı qorumaq “Qarabağ” üçün önəmli şərtlərdəndir”.
GÜNAY SÜLEYMANOVA