“Turan Tovuz”un braziliyalı hücumçusu Aleks Souzanın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 16-cı turunda “Şamaxı” üzərində əzmkar qələbə (3:2) qazandınız…

– Bu görüşün həddən artıq çətin keçəcəyini təxmin etmişdik. Bilirdik ki, doğma meydanda oynasaq belə, bizi asan matç gözləmir. İlk hissəni hesabda geridə bitirsək də, ruhdan düşmədik. Fasilədən sonra meydanda yaxşı işlədik, çox çalışdıq və bunun hesabına geridönüş etməyi bacardıq.

– Qeyd etdiyiniz kimi, ilk hissəni məğlub durumda bitirdiniz. Fasilədə baş məşqçiniz Kurban Berdıyev sizə nə dedi, hansı tapşırıqları verdi ki, ikinci yarıda vəziyyəti dəyişə bildiniz?

– O, sakit qalmağı və dərhal özümüzə gəlməyi tapşırdı. Dediyi kimi də etdik. İkinci hissədə komanda özünə gəldi və lazım olan nəticəni əldə etməyi bacardı.

– Berdıyev 85-ci dəqiqədə sizi əvəzləyəndə hesab 2:2 idi. Meydandan çıxanda komandanızın final fitinədək 3-cü qolu vuracağına inamınız var idi?

– Mən meydandan çıxandan sonra da komandamız eyni tempi saxladı və hücumlara davam etdi. Bunun məntiqi nəticəsi olaraq, qələbə qolunu vurmağı bacardıq.

– Qarşılaşmadan əvvəl və ya sonra sabiq məşqçiniz, hazırda “Şamaxı”nı çalışdıran Ayxan Abbasovla hər hansı bir dialoqunuz oldumu?

– Bəli, dialoqumuz oldu. Fürsətdən istifadə edib Abbasovla söhbətləşdim. Bizim çox yaxşı münasibətimiz var. Üzərimdə əziyyəti olub, “Turan Tovuz”a yeni qoşulduğum vaxtlarda mənə çox kömək edib. Abbasova hazırkı iş yerində uğurlar arzulayıram.

– Çempionatda növbəti oyununuzu səfərdə “Zirə”yə qarşı keçirəcəksiniz. Bu matçdan gözləntiniz nədir?

– Çətin oyun olacaq. Amma bu, bizi qorxutmur. Matça yaxşı hazırlaşacağıq. Məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır.

– “Turan Tovuz” hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Necə düşünürsünüz, mövsümün sonunadək liderlər sırasında olmağı bacaracaqsınız?

– Əslində, turnir cədvəlindən çox növbəti oyun haqda düşünürük. Təbii ki, mövsümü yaxşı pillədə bitirməyi hədəfləmişik. Hazırda 3-cü yerdəyik, ancaq daha da yuxarı qalxmaq istəyirik.

ABBAS

Shares: