Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb. AFFA U-15 liqasında keçirilməli olan EFA – “Qəbələ” oyununa hakim təyin etməyi unudub.
Bu haqda əvvəlcə “Qəbələ” Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb: “Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.
AFFA xəbəri təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli futbolpress.az saytına danışıb və baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirib: “Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.
AFFA rəhbərliyi inkişaf strategiyasından danışanda bu kimi halları nəzərdə tutursa, vay bizim halımıza. Bu olay əslində bizdə futbola yanaşmanın nümunəsidir. Millinin baş məşqçiyə yüzmilyonlar xərcləyən, Hakimlər Komtəsinin əcnəbi sədrinə hər cür şərait yaradan qurum futbolun inkişafı üçün bünövrə olan uşaq futboluna barmaqarası yanaşır. Görün liqalarda vəziyyət nə qədər bərbaddır, bu yarışlara biganəlik hansı həddədir ki, hətta oyunlara hakim təyin etmək yaddan çıxır.
Normalda AFFA təsdiq açıqlaması yaymaqla bərabər liqalara nəzarət edən müvafiq qurumda tətbiq edilən cəzaları elan etməliydi. İstefalar, işdənqovulmalar, üzr istəmələr olmalıydı…
AFFA rəhbərliyi 8 aya inkişaf strategiyası hazırlayacağını deyəndə yəqin elə bunu nəzərdə tuturmuş. Təsadüfi deyil, yenilərin hakimiyyətə gəlməsindən 8 ay ötüb və belə biabırçılıq ortaya çıxır. Bu, hələ bilinən olaydır, gizlində qalan o qədər biabırçılıqlar var ki.
Rövşən Nəcəf, Sərxan Hacıyev, Balakişi Qasımov və başqaları sabiqlərin adamı olan Cahangir Həsənzadəni işdən çıxarmaq üçün aylardır çalışır, bacarmır. Çünki futbolu bu şəxslər yox, elə Elxan Məmmədovun dəstəsi idarə etməkdədir. Və onlar arabir belə qısaqapanmalar etməklə xələflərini rüsvay edir. Nəcəflə Qasımov daxili müharibə aparmaqda, hərə öz adamını müxtəlif postlara yerləşdirməkdə olsun, futbol özü inkişaf edəcək. Aysuların idarə etdiyi futbol elə belə də olmalıdır.
FƏRİD