“Qarabağ” klubunun sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu bu gün səfərdə “Elfsborq”a qarşı keçirəcək. Sizcə, təmsilçimiz İsveçdən qələbə ilə qayıda biləcək?
- İlk növbədə, “Qarabağ”a bugünkü görüşdə uğurlar arzulayıram. Bilirəm ki, bu oyun sabiq komandam üçün böyük önəm kəsb edir. Ümid edirəm və inanıram ki, “Qarabağ” İsveçdən bizi sevindirəcək nəticə ilə qayıtmağı bacaracaq. Təbii ki, qələbəni nəzərdə tuturam. Azərbaycan futbolunun bugünkü qələbəyə ehtiyacı var.
- “Qarabağ” matça iki aparıcı müdafiəçisi – Kevin Medina və Bəhlul Mustafazadə olmadan çıxacaq. Onların yoxluğu Ağdam klubunun oyununa necə təsir edəcək?
- Onsuz da, “Qarabağ” müdafiədən oynamayacaq. Bəli, onların “Qarabağ” üçün önəmli oyunçu olduqlarını bilirəm. Bu mənada, yoxluqları böyük itkidir. Ancaq şəxsən mən Medina və Bəhlulun yoxluğuna görə çox narahat deyiləm. Dediyim kimi, “Qarabağ” oyunun əksər hissəsini hücumda keçirəcək, buna görə də müdafiə xəttinə o qədər də yük düşməyəcək. Məncə, “Qarabağ” Medina və Bəhlulun yoxluğunda belə, lazım olan nəticəni qazana biləcək.
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində buvaxtadək keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazana bilib. Ağdam klubunun avrokubokların cari mövsümündəki çıxışını necə qiymətləndirirsiniz?
- Bəli, ötən mövsümlə müqayisədə bu sezon avrokuboklarda işlər yaxşı getmir. Ancaq qorxulu heç nə yoxdur. “Qarabağ” Avropa Liqasında böyük büdcəsi olan klublara qarşı mübarizə aparır. Buna rəğmən, ardıcıl olaraq neçə ildir ki, avrokubokların qrup mərhələsinə düşməyi bacarır. Buna görə onlara əhsən düşür. “Qarabağ”ın hər il qruplara vəsiqə qazanması Azərbaycan futbolunun xeyrinədir. Fikrimcə, bu komandanın potensialı daha artığını etməyə imkan verir.
- Necə düşünürsünüz, “Qarabağ” Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazana biləcək?
- Bunu demək çətindir, hər şeyi zaman göstərəcək. Şəxsən mən Avropa Liqasında “Qarabağ”a azarkeşlik edirəm. Ümid edirəm ki, növbəti mərhələyə çıxa biləcəklər. Futbol sürprizlərlə doludur, öncədən nəyisə təxmin etmək çox çətinləşib.
- “Qarabağ”ın hazırkı hücum xətti ilə bağlı fikriniz necədir?
- “Qarabağ”da yaxşı hücumçular toplaşıb. Sevindirici haldır ki, onların sırasında azərbaycanlı oyunçular da var. Musa Qurbanlı və Nəriman Axundzadəni nəzərdə tuturam. İnanıram ki, həm Musa, həm də Nəriman yaxın gələcəkdə özlərini daha yaxşı tərəfdən göstərəcəklər.
FƏRİD