Nəzəri şanslar qala bilər, lakin etiraf etməliyik ki, “Qarabağ” üçün avrokubok mövsümü bitdi. 2025-ci ilə təsadüf edəcək iki matç formal xarakter daşıyacaq və daha çox reytinq xallarını artırmaq, aşkar autsayder olmaqdan qurtulmaq haqda düşünəcəyik.

Cari mövsüm ağdamlılar üçün uğursuz alındı. Format dəyişikliyinə uyğunlaşa bilməyən təmsilçimiz müəyyən səbəblərdən heyətin gücləndirilməməsinin də acısını çəkdi. Ehtiyat qüvvə kifayət deyil, əsas heyət qitə miqyası üçün yetərli sayıla bilməz. Üstəlik, parlaq keçən ötən mövsümün ardından artıq rəqiblər də “Qarabağ”ı diqqətlə incələyir. Təmsilçimiz vəziyyətdən çıxmaq üçün yalnız fərdi bacarığı üstün olan oyunçuların ustalığına güvənə bilər. Beləsi isə yoxdur. Zubirdə yaş sözünü deyir, Benzia və Juninyoda eniş var, digərləri isə məsuliyyəti üzərinə götürəcək qədər bacarıqlı deyil.

“Elfsborq”la matç dönüş nöqtəsi idi. İsveçdə qazanılacaq qələbə çempionumuzun pley-off şanslarını xeyli artıracaqdı. Lakin göstərilən oyun istəklə üst-üstə düşmədi. “Qarabağ” ilk yarıda üstün təsir bağışlasa da, yüksək tempi davam etdirə bilmədi. Fasilədən qayıdan kimi yüksək pressinqlə üstünlük quran meydan sahibləri künc zərbəsidən vacib qol vuraraq təmsilçimiz çətin duruma saldı. Bundan sonra rəqibin qapalı müdafiəsini yarmaq bir az da çətinləşdi və yekunda mümkün olmadı.

Məğlubiyyətə səbəblər tapmaq olar. Məsələn, Leandro Andradenin yox, Aleksey Kaşukun start heyətdə olması qəribəlik idi. Ukraynalını komanda yoldaşları ilə heç cür anlaşa bilmədi. Tərslikdən sol cinahda da Elvin Cəfərquliyev ən zəif oyunlarından birini keçirtdi. “Qanadları” olmayan “Qarabağ”da iş orta sahəyə düşdü, burada isə yaradıcılıq kifayət qədər olmadı.

Amma sadaladığımız yalnız dünənki oyuna aiddir. Ümumiyyətlə, mövsüm pis alındı. Evdə xal qazana bilməyən təmsilçimiz bəzən bəxtsizlikdən, bəzən bərbad oynaması üzündən indiki duruma düşdü. Ağdamlılardan maksimum gözlənti pley-offa yüksəlmək idi, çünki öndəki komandalar hər baxımdan təmsilçimizdən üstündür və “Qarabağ”ın hazırda qərarlaşdığı mövqe heç də utancverici deyil. Realıqları qəbul etməliyik. Təmsilçimizin daha irəli getməsi boyundan hündürə tullanmaq olardı. Hətta bu da mümkün idi, lakin əzmkarlıq kifayət etmədi.

Hər işdə bir xeyir var. Bu mövsüm dərs çıxartmaq üçün kifayət qədər material verdi. Qurban Qurbanov komandanı yeniləmək yox, gücləndirmək barədə mütləq düşünəcək. Heyətdə daha səviyyəli oyunçuların hesabına rəqabət yaratmaq gərəkdir. Yəqin ki, rəhbərlik oyun sayının artmasını da nəzərə alaraq transfer məsələlərində daha əliaçıq olacaq. İndi diqqəti Premyer Liqaya ayırmaqdan başqa çarə yoxdur.

Avrokubok mövsümü bizim üçün fevrala kimi davam edəcək. Lakin bu, “Qarabağ”ın yaxşı nəticələrinə yox, yeni formata görədir. Ağdamlılar üçün ümidlər tükənib. İlk 24-lüyə düşmək möcüzəyə bərabərdir. Qalan iki matçda xal ehtiyatını imkan daxilində artırmaq, ölkə reytinqini yüksəltmək gərəkdir.

AĞA

Shares: