“Neftçi”nin sabiq müdafiəçisi Valeri Abramidzenin futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” ölkə çempionatının 16-cı turunda “Sumqayıt”a məğlub oldu (0:2). Bu nəticəni gözləyirdiniz?
– “Neftçi”dən hazırda hər şey gözləmək olar. Çünki komanda pis durumdadır. Buna görə də “Sumqayıt”a məğlubiyyət şəxsən məni təəccübləndirmədi.
– Samir Abasovun baş məşqçi təyin edilməsindən sonra “Neftçİ”nin oyununda hər hansı bir müsbət dəyişiklik hiss olunur?
– “Neftçi” kimi komandanı azərbaycanlı mütəxəssisin çalışdırması müsbət haldır. Samir gənc və perspektivli məşqçidir. Ancaq “Neftçi”nin hazırkı heyəti o deyil. İxtiyarında güclü heyət olsaydı, Abasov özünü daha yaxşı tərəfdən göstərərdi. Komanda hazırda böhrandadır. Buna görə də istər Samir Abasov, istərsə də başqa mütəxəssis olsun, hazırkı “Neftçi”də nəticə vermək çox çətindir. Biz də vaxtilə futbol oynamışıq, buna görə də futbolçular haqda pis danışmaq istəmirəm. Sadəcə, reallıq budur ki, “Qarabağ” başqa səviyyədə komandadır, “Neftçi” başqa səviyyədə. Halbuki klubun statusuna görə “Neftçi”də ən yüksək səviyyəli oyunçular çıxış etməlidirlər.
– “Neftçi” hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Autsayderlər qrupunda qərarlaşmaq “Neftçi” üçün utancverici hal deyilmi?
– Dünya klublarının da tarixinə nəzər salsaq, görərik ki, həm yaxşı, həm də pis dövrləri olub. Utancverici deməzdim, amma “Neftçi” hazırda tarixinin çox pis günlərini yaşayır. Təbii ki, 8-ci pillədə qərarlaşmaq “Neftçi” adına yaraşmır.
– “Neftçi”nin hazırkı heyətində bəyəndiyiniz oyunçular var?
– Hazırkı heyətin gücünü komandanın turnir cədvəlindəki vəziyyəti izah edir. Nəsə deyib hansısa futbolçunun xətrinə dəymək istəmirəm. Ancaq 8-ci yerdə olmaq “Neftçi”yə prestij gətirmir.
– Görünən odur ki, “Neftçi”nin avrokuboklara vəsiqə üçün real şansı kuboku qazanmaqdan ibarətdir. 1/4 finalda “Kəpəz” səddini aşaraq yarımfinala çıxa, ümumiyyətlə, kuboku götürə biləcəklər?
– “Neftçi” bu şansdan istifadə etmək məcburiyyətindədir. “Kəpəz”i keçəcəyi halda, yarımfinalda daha güclü rəqiblə qarşılaşacaq. Futbolda hər şey ola bilər.
– “Qarabağ”ın hegemonluğuna son qoymaq istəyən “Neftçi” bunun üçün nələr etməlidir?
– Bunun üçün “Neftçi” ən azı “Qarabağ” qədər inkişaf etməlidir. “Qarabağ” Azərbaycanda futbol oynadığım son illərdə təzə-təzə inkişaf etməyə başlamışdı. Hamımız görürdük ki, klub rəhbərliyi işinə necə yanaşır. Onlar baş məşqçi Qurban Qurbanova güvəndilər və bunun məntiqi nəticəsi olaraq, 10 ildən çoxdur ki, Qurbanov “Qarabağ”ı çalışdırır. Yadımdadır, Qurbanovun ilk illərində uğursuz nəticələr də qeydə alınmışdı, ancaq klub rəhbərliyi ona inanmaqdan vaz keçməmişdi. Bu da “Qarabağ”ın xeyrinə işlədi. Görünür, “Neftçi” rəhbərliyi güvənə biləcəyi, vaxt verəcəyi məşqçini tapmaqda çətinlik çəkir. “Neftçi”də nəinki baş məşqçi, hətta rəhbərlik də tez-tez dəyişir. Kluba bir prezident gəlir, öz strategiyasını müəyyənləşdirir, sonra o gedir, başqası gəlir, yeni gələn strategiyanı dəyişir. Buna görə də klub uğur qazana bilmir. “Qarabağ”a layiqli rəqibə çevrilməsi üçün “Neftçi”də ilk növbədə stabillik olmalıdır. Stabillik klub rəhbərliyindən başlamalı, baş məşqçi və futbolçularda davam etməlidir. ”Neftçi” xalqın komandasıdır. Buna görə də hamı onlardan yaxşı nəticələr gözləyir. “Neftçi”yə və “Qarabağ”a uğurlar arzulayıram. “Qarabağ”ın strategiyası, baş məşqçisinin futbola baxışı çox xoşuma gəlir. “Neftçi” də bu səviyyəyə çatmalıdır. Bu klub mənim karyeramda önəmli rol oynayıb. Buna görə də həmişə “Neftçi”yə azarkeşlik edirəm. Fürsətdən istifadə edərək Azərbaycan məni tanıyan hamıya salam göndərirəm.
ABBAS