“Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”a uduzduğu (0:1) oyunla bağlı fikirləriniz necədir? Məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Təəssüf ki, “Qarabağ” Liqa mərhələsində növbəti görüşündə də məğlub oldu. Əslində, oyun “Qarabağ” üçün pis başlamamışdı. Kifayət qədər sürətli və dinamik matçın şahidi olduq. “Elfsborq” qarşılaşmaya çox ciddi hazırlaşmışdı. Onlar “Qarabağ”ı yaxşı təhlil etmişdilər. Bunun nəticəsində də əzmkar oynayaraq qələbə qazandılar.

– Lion “Olimpik”i ilə oyun Aleksey Kaşukun avrokubok matçlarına start heyətdə çıxmağa hələ tam hazır olmadığını göstərmişdi. Belə olan halda, ukraynalının “Elfsborq”la görüşdə də ilk “11-lik”də yer almasını necə qarşıladınız?
– Kaşuk maksimal formasında deyil. Amma belə oyunçular gözlənilmədən rəqib qapısında təhlükə yarada bilirlər. Bundan əlavə, Kaşuk meydanda olmalıdır ki, maksimal formasını yığa bilsin.

– Siz də vaxtilə həm cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyində oynamısınız. “Elfsborq”la görüşdə məcburiyyətdən müdafiənin mərkəzində yer alan Mateus Silvanın çıxışını necə dəyərləndirirsiniz?
– Düzdür, mən də karyeram ərzində mərkəz müdafiəçisi kimi də çıxış etmişəm. Hətta bir neçə avrokubok oyunlarında da müdafiənin mərkəzində yer almışam. “Elfsborq”a məğlubiyyətin ən önəmli səbəbi Kevin Medina və Bəhlul Mustafazadənin zədəli olması idi. Buna görə də Qurban Qurbanov məcburiyyətdən Mateusu mərkəzdə oynatdı. Silva birinci oyun deyil ki, mərkəz müdafiəçisi kimi çıxış edir. Ümumi götürsək, Mateus işinin öhdəsindən gələ bildi.

– Juninyo “Elfsborq”la oyunda da qol şanslarını dəyərləndirə bilmədi. Onun məhsuldarlığının aşağı düşməsi nə ilə bağlı ola bilər?
– Fikrimcə, mətbuatda Juninyo haqda yayılan xəbərlər onun oyununa təsir göstərir. Ona bəzi klublardan təkliflərin olması da istər-istəməz konsentrasiyasına təsir edir. Nə qədər əzmkar oynasa da, qol epizodlarında son vuruşları istədiyi kimi alınmır. Futbolçunun fikri dağınıq olanda birbaşa performansına təsir edir. Hazırda Juninyo bunun acısını yaşayır.

– Avropa Liqasında qalan oyunlarda “Qarabağ”dan hansı nəticəni gözləyirsiniz?
– “Qarabağ” Avroliqa oyunlarında bir stili olan komandadır. Təmsilçimiz rəqibin kimliyindən asılı olmayaraq, öz oyun üslubunda çıxış etməyə çalışır. Sadəcə, bu mövsüm görürük ki, “Qarabağ” bir addım inkişaf edirsə, Avropa komandaları bizdən 3 addım daha çox inkişaf edirlər. Onlarla ayaqlaşmaq üçün ümumi futbolumuzun inkişafı vacibdir. Bu kimi səbəblər şəxsən mənə “Qarabağ”dan daha böyük uğurlar gözləməyə imkan vermir.

– Avropa Liqasının Liqa mərhələsi “Qarabağ”ın ilk növbədə futbolçu keyfiyyəti baxımından rəqiblərindən geri qaldığını üzə çıxartmadı? Sizcə, klublarımızın daha səviyyəli legionerlər transfer etməsinin vaxtı çatmayıb?
– Dəfələrlə bildirilib ki, hətta böyük maddi vəsait qarşılığında da legionerlər Azərbaycana gəlmək istəmirlər. Nəinki digər klublarımıza, hətta “Qarabağ”a da yaxşı legioner gətirmək çətindir. Səbəbini hamımız bilirik. Odur ki, inkişaf, avrokuboklarda uğurlu çıxış deyəndə yalnız “Qarabağ”ın üstünə yüklənməməli, ümumi futbolumuz üçün çalışmalıyıq.

CAVAD

Shares: