“Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– Millimiz DÇ-2026-nın seçmə mərhələsində Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə qarşılaşacaq. Püşkatma ilə bağlı fikriniz necədir?

– Fransa – Xorvatiya cütünün qalibinin Ukrayna ilə qrup liderliyi uğrunda mübarizə aparacağını indidən demək olar. Biz isə çalışıb İslandiya millisini qabaqlamalıyıq ki, heç olmasa Millətlər Liqasından fərqli, burada qrup sonuncusu olmayaq. Amma bunu bacarmaq üçün millidə işlər düzgün qurulmalıdır. Yalnız o halda yığma komanda nəticələrini yaxşılaşdıra bilər.

– Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın “Elfsborq”a məğlubiyyətini gözləyirdiniz? Uğursuz nəticənin səbəbini nədə görürsünüz?

– “Elfsborq”la matça baxan heç kim deyə bilməzdi ki, “Qarabağ” bu oyunda məğlub olacaq. Şəxsən mən “Qarabağ”ın qalib gələcəyinə çox ümid edirdim. Amma bəzən futbolda bu cür hallar da olur, sən oyuna nəzarət edirsən, rəqib isə qalib gəlir. “Qarabağ” müdafiə xəttindəki itkilərə baxmayaraq, diqqətli oynamağa çalışırdı. Buna rəğmən, rəqib görüş ərzində 2-3 dəfə təmsilçimizə təhlükəli epizod yaşada bildi. Standart vəziyyətdə Juninyo oyunçunu bir anlıq diqqətdən buraxdı və bu da qolla nəticələndi. Əvvəlki matçlarda olduğu kimi, “Qarabağ” rəqib qapısı ağzında fürsətləri boşa verməkdə davam edirdi.

– “Qarabağ”ın futbolçuları rəqibin cərimə meydançası daxilində doğru qərar verməkdə çətinlik çəkirlər. Bu problem nədən qaynaqlanır?

– Oyun ərzində “Qarabağ” rəqibi özlərinə aid meydançaya çəkilməyə məcbur etməklə onların daha sıx və kompakt oynamasına səbəb olur. Bu halda hücum edən komandanın oyunçularının ustalığı və dəqiqliyi vacib rol oynayır. Məncə, bu amil böyük komandalarda nəticəyə öz təsirini göstərir.

– Juninyo “Elfsborq”la görüşdə də qol şanslarından faydalana bilmədi. Onun məhsuldarlığının aşağı düşməsinin səbəbi nədir?

– Juninyo “Qarabağ”da önəmli oyunçulardan biridir. Hücumçu matç ərzində qol imkanlarından yararlana bilmədikdə özgüvəni itir və bu da komandaya psixoloji təsirsiz ötüşmür. Juninyonun son zamanlarda bu cür performans göstərməsi özgüvənlə bağlı olan bir məsələdir.

– Avropa Liqasındakı qalan oyunlarda “Qarabağ”dan hansı nəticəni gözləyirsiniz?

– Son illərdə “Qarabağ”ın avrokuboklardakı uğurlu nəticələri hər kəsi çox ümidləndirib. Qurban Qurbanovlu “Qarabağ”dan hamı yüksək nəticələr gözləyir. Hamı kimi, mən də inanıram ki, “Qarabağ” Avroliqada qalan matçlarda yaxşı oyun göstərərək və qalib gələrək hər birimizi sevindirəcək.

– Sizcə, avrokubokların hazırkı formatı özünü doğrultdu? Bu format “Qarabağ” kimi komandalara əlavə çətinlik yaradırmı?

– Avrokubokların son formatı komandaların oyun sayının artmasına səbəb oldu. Amma “böyük beşlik” ölkələrindən fərqli olaraq, bizim Premyer Liqamızda cəmi 10 komanda mübarizə aparır. Bu baxımdan, avrokuboklarda matç sayının artmasının bizə böyük təsiri yoxdur.

FƏRİD

Shares: