“Şamaxı” və “Səbail” autsayderlər qrupunda yer aldıqları üçün onların qarşılaşmasını “6 xallıq oyun” adlandırmaq olar. Hər iki komanda üçün qələbə həm motivasiya baxımından, həm də turnir cədvəlindəki vəziyyətlərini yaxşılaşdırmaq üçün vacibdir”. Bu sözləri futbolinfo.az saytına sabiq futbolçu Vidadi Rzayev deyib.

Təcrübəli məşqçi bu qarşılaşmada meydan sahiblərinin üstünlük qazanacağına inanır. O, bu fikrini belə əsaslandırıb: “Şamaxı” son turda “Turan Tovuz”a qarşı çox yaxşı təsir bağışladı. Komandanın oyununda irəliləyiş hiss olunur. Halbuki “Səbail” hələ tam olaraq istədiyi səviyyəyə çatmayıb. Cavid Hüseynovun da dediyi kimi, komanda hələ ki, öz oyununu tam göstərə bilmir”.

Rzayev həmçinin 17-ci turun digər qarşılaşmalarını da təhlil edib. “Araz-Naxçıvan” və “Sabah” arasında keçiriləcək oyunun nəticəsi ilə bağlı mütəxəssis belə proqnoz verib: “Araz-Naxçıvan” hazırda turnir cədvəlində liderdir. Amma “Sabah” da baş məşqçi dəyişikliyindən sonra toparlanmağa başlayıb. Yeni baş məşqçiyə özlərini göstərmək üçün futbolçular daha istəkli çıxış edirlər. Bunu kubok oyununda da göstərdilər. Məncə, bu qarşılaşma heç-heçə nəticələnəcək”.

“Zirə” – “Turan Tovuz” matçında Rzayev qəsəbə təmsilçisinin qələbə qazanacağını gözləyir: “Fikrimcə, “Zirə” evdə xal itirməyəcək. “Turan Tovuz” son oyunlarda sabit çıxış etməyib. Hətta “Şamaxı” ilə oyunda belə son uzatma dəqiqələrində vurduqları qol sayəsində qalib gəlməyi bacardılar. Gözoxşayan oyun sərgiləmirlər. Buna görə də “Zirə”nin qələbə qazanacağını düşünürəm”.

Mütəxəssis “Neftçi” – “Kəpəz” qarşılaşmasında “ağ-qaralar”ın üstünlük qazanacağını bildirib: “Birinci dövrədə “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub etmişdi. Amma bu dəfə fərqli nəticə gözləyirəm. Roman Qriqorçukun yol verdiyi səhvləri Samir Abasov təkrarlamayacaq. Məncə, “Neftçi” qalib olacaq”.

Rzayevin fikrincə, “Qarabağ” – “Sumqayıt” matçında favorit Ağdam təmsilçisidir: “Qarabağ” bu mövsüm də öz sözünü deyir və məncə, çempionluq yolunda ən ciddi namizəddir. Düzdür, Avropa Liqasında bu il istədikləri nəticəni əldə edə bilmədilər, amma daxili çempionatda hələ də dominant mövqedədirlər. Bu oyunda da qalib gələcəkləri şübhəsizdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: