Ruandanın paytaxtı Kiqalidə FİA-nın Qala tədbiri keçirilib. İlk dəfədir ki, bu mötəbr mərasimə Afrika ölkəsi ev sahibliyi edib. Xatırladaq ki, keçən il tədbirin məkanı paytaxtımız Bakı şəhəri olub.
FİA-nın himayəsi ilə keçirilən dünya çempionatlarının qaliblərinə və medalçılarına mükafatların təntənəli təqdimat mərasimi kartinqlə başlayıb. Dünya çempionatının qalibi və medalçılarına, xüsusən də əsas kuboku qazanan gənc britaniyalı Kenzo Kreygiyə kubokları “McLaren” komandasının sürücüsü və Formula 1-in vitse-çempionu Lando Norris təqdim edib.
Daha sonra “Toyota Gazoo Racing”in nümayəndəsi Dünya Kross Ralli Çempionatının komanda hesabında qalib gəldiyinə görə mükafat alıb. Ardınca fərdi yarışda ilk üç yeri tutan ekipajlar öz mükafatlarını alıblar.
Yohan Kristofferson yeddinci dəfə və ardıcıl beşinci dəfə Dünya Rallikros Çempionatını qazanıb. O, səhnəyə qalib gəldiyi “Volkswagen Polo KMS 601 RX” ilə çıxıb.
Növbəti sırada Elektrikli Avtomobil Yarışı üzrə Dünya Çempionatının qalibləri – “Porsche” sürücüsü Paskal Verlayn və “Jaguar” zavod komandası olublar. Lakin alman pilotun Ruandaya gəlməsinə həkimlər icazə verməyiblər.
Qabriel Bortoleto FİA-nın versiyasına görə mövsümün ən yaxşı debütantı elan edilib. Xatırladaq ki, o, keçən bazar Formula 2-də ilk ilində çempion olub.
Daha sonra Dözümlülük üzrə Dünya Çempionatında fərqlənmiş komandaların nümayəndələri növbə ilə səhnəyə çıxıblar. Komanda hesabında qalib gələn “Toyota Gazoo Racing” hətta hiperkarını səhnəyə çıxarıb. Əvvəlcə mükafatı Yaponiya komandasının rəhbəri Kamui Kobayaşi alıb, daha sonra isə “Ferrari” sürücüləri mükafatlandırılıblar. Nəhayət, yeni WEC çempionları “Porsche Penske” pilotları Kevin Estre, Andre Lotterer və Laurent Vantur da layiq olduğu mükafatlarına qovuşublar. Kubokları onlara əfsanəvi belçikalı Jak İks təqdim edib.
Proqramın növbəti hissəsini FİA-nın yeniliyi kimi təqdim etmək mümkündür. Federasiya avtoidman tarixində ən görkəmli nailiyyətlərə görə mükafat təsis edib. Onu ilk alan şəxs isə 1982-ci ildə ralli üzrə vitse-dünya çempionu Mişel Mouton olub. Ömrünün 50 ilindən çoxunu avtoidmana həsr etmiş fransız qadına bu mükafatı şəxsən , keçmiş ralli sürücüsü və FİA-nın prezidenti Məhəmməd bin Sulayem təqdim edib.
Mərasimin son hissəini hissə ənənəvi olaraq Formula 1 üçün saxlayıblar. Amma bundan əvvəl gənclər arasında formula yarışlarının qaliblərinə – Leonardo Fornaroli (F3) və F2-nin yeni çempionu Qabriele Bortoletoya mükafatlar verilib. Braziliyalı həmin axşam ikinci dəfə səhnəyə çıxıb və bu dəfə kuboku Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikalidən alıb.
Dünya çempionatının medalçılarının mükafatlandırılması Şarl Leklerin səhnəyə çıxması ilə başlayıb. O, toplaşanların alqış sədaları altında Stefano Domenikali və Məhəmməd bin Sulayem tərəfindən təbrik edilib.
“Ferrari” sürücüsünü səhnədə Lando Norris əvəz edib. Onunla birlikdə “McLaren MCL38”i səhnəyə gətirlib. Vitse-dünya çempionu mükafatını aldıqdan sonra səhnəyə komanda yoldaşı Oskar Piastri, eləcə də onların rəhbərləri Zek Braun və Andrea Stella qalxıblar. Bunun da səbəbi “McLaren” komandasına Mühəndislər kubokunda qələbəyə görə mükafatın verilməsi olub. Heç kimin gözləmədiyi halda mükafatı təqdim etmək üçün səhnəyə Ruanda prezidenti Pol Kaqame çıxıb və mükafatı sahiblərinə verib.
Mərasim dördqat dünya çempionu Maks Ferstappenin təltifi ilə başa çatıb. Bununla da, avtoidmanda 2024-cü ilə rəsmən yekun vurulub.
Xatırladaq ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak ediblər.