“Neftçi”də kiminsə dünənki oyundan məmnun qaldığına inanmıram. Qələbə sevindirici ola bilər, amma komanda belə oynamağa davam edərsə, mövsüm ərzində ilk dəfə yüksəldiyi 7-ci pillədən daha irəli gedə bilməyəcək.
Samir Abasov artıq özü də başa düşür ki, dedikləri təkrarçılıqdır və bəhanəyə daha çox oxşayır. “Neftçi”nin bütün heyəti dəyişməsə, hər şey mənasızdır. Bu gedişlə baş məşqçi özü də yola salınacaq. Deyək ki, Abasov qışda yeni transferlər tələb edəcək. Axı, “Neftçi”nin 5-6 nəfəri birdən dəyişmək lüksü yoxdur. Üstəlik, Samir bəyin oyunçu seçimlərində nə qədər səriştəsiz olduğunu illərdir görürük.
“Kəpəz” matçın startında etdiyi iki fərdi səhvlə qələbəni öz əli ilə bakılılara verdi. Lakin ondan sonrakı dəqiqələrdə qələbəni qorumaq üçün “Neftçi” əcəl təri tökdü. Qonaqlar son saniyələrdə əlinə düşən real fürsəti qola çevirsəydi, indi tamam başqa məsələlərdən danışırdıq.
“Kəpəz” çox bərbad futbol oynayır. Azər Bağırov komandanı toparlaya bilməsə, Premyer Liqada qalmaq mümkün olmayacaq. Heyət kifayət qədər zəifdir, bu legionerləri kimin və necə seçdiyi sual doğurur. Zəngin və daha bahalı heyəti olan “Neftçi” isə az qala bu komandanın da öhdəsindən gələ bilməyəcəkdi. Qələbə bakılıları aldatmasın, vəziyyət çox çətindir.
Abasov mətbuat konfranslarında bəzən məsuliyyəti başqalarının üstünə atır, qış fasiləsinə kimi ab-havanı korlamamaq üçün bəzən diplomatik danışır. Rəhbərlik baş məşqçini daim diqqətdə saxlamalıdır. Heyətlə bu qədər “oynamaq” xoş deyil, rotasiyalar komanda quruculuğuna ziyan verir. Sabit “11-lik” müəyyənləşməli, ona zamanla kiçik dəyişikliklər edilməlidir. Samir bəy isə elə qərarlar verir ki, sanki oyunçu bolluğundan başını itirib.
Turun başa çatan 4 oyununda 8 komandadan 5-i qapı torunu silkələyə bilməyib. Zirədə üz-üzə gələn komandalar 0:0-a razılaşmaqla turun qeyri-məhsuldar keçməsinə töhfəsini verdi.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan rəqiblərinin duelində hesabı açan qalib gələcəkdi. Lakin meydanda elə mübarizə gedirdi ki, sanki komandalar 180 dəqiqə də oynasa, qol vurulmayacaq. Əsəbi, sərt, hətta kobud keçən qarşılaşmada qazanılan bir xal “Turan Tovuz” üçün pis nəticə sayıla bilməz. Əsas izləyici olan “Zirə” ilə 4 xallıq fərq qorundu. Amma bu bərabərlik turu qalib başa vuran “Sabah”ın işinə daha çox yaradı.
FƏRİD