Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Azərbaycan millisinin yer aldığı qrupa düşmək istəmədiklərini etiraf edib.

Daliç D qrupunun onlar üçün daha ağır olacağını düşünür: “Belə qeyri-adi püşkatmadan sonra əslində kimlərlə qarşılaşacağımızı bilmədiyimiz üçün püşkü dəyərləndirmək nankorluq olar. Ola bilsin ki, kağız üzərində D qrupu daha çətin görünür. Çünki orada çox güclü Ukrayna və İslandiya yığmaları var və Azərbaycana uzaq səfər olacaq. Yenə də hər iki qrupda yüksək keyfiyyətli və iddialı komandalar var. Onlar da dünya çempionatına vəsiqə qazanmaq istəyirlər”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq Xorvatiya qalib gələrsə, Ukrayna, İslandiya və Azərbaycanla D qrupunda, məğlub olarsa Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqlə L qrupunda mübarizə aparacaq.

Shares: