Almaniya Bundesliqa II-nin 16-cı turunda “Köln”ün qonağı olan “Nürnberq”in uğursuz çıxışı davam edir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ilk 45 dəqiqəsini meydanda keçirdiyi görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Nürnberq”in son dönəmlərdəki çıxışı artıq azarkeşləri dilə gətirib.

Fanatlar komandanın çempionatın son 6 matçında qələbə üzünə həsrət qalmasından ciddi narazıdır. Komanda oktyabrın sonlarından bəri keçirdiyi qarşılaşmaların 3-də heç-heçə edib, 3 dəfə isə məğlub olub. Artıq liderlər qrupundan xeyli uzaq düşən “Nürnberq”in baş məşqçisi Miroslav Klozenin də postu laxlayıb. Düzdür, rəhbərlik mütəxəssisə hələ də ümid bəsləyir. Ancaq fanatların bir qismi artıq Klozenin istefasını tələb edirlər. Vəziyyət bu cür davam edəcəyi təqdirdə, Klozenin istefasını istəyənlərin sayı artacaq və rəhbərlik radikal addım atmalı olacaq.

Qeyd edək ki, “Nürnberq” hazırda 19 xalla 13-cü pillədə qərarlaşıb.

Shares: