Ukrayna millisinin sabiq futbolçusu Yuri Virt DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 50 yaşlı məşqçi yer aldıqları D qrupunda birinci yer uğrunda yarışa biləcəklərini düşünür.

Lakin mütəxəssis bunun üçün Fransa – Xorvatiya cütlüyündə ikincilərin qalib ayrılmasının vacib olduğunu bildirib: “Ümumilikdə püşkün nəticəsi pis deyil. Yaxşı ki, birinci səbətdən Almaniya və ya İspaniya düşmədi. Açığı, Xorvatiyanı bu qrupda görmək istəyirəm. Fransa qrupda yer alsa, yenə də birincilik uğrunda yarışmaq olar. Amma etiraf edək ki, belədə şans az olacaq. Xorvatiya ilə qarşılaşmaq asan olar. Çünki hazırda onlar elə də yaxşı durumda deyillər”.

Virtin fikrincə, İslandiya və Azərbaycan milliləri ilə matçlar da onlar üçün çətin keçəcək: “Doğrudur, hətta ikincilik yarışında da aşkar favorit sayılmırıq. İslandiya ilə oyunlar çox çətin olacaq. Əsas problem ev matçlarımızı ölkəmizdə keçirməməyimiz olacaq. Hətta Azərbaycana qarşı da çətin olacaq. Yəni Azərbaycanla görüşlər belə, 6 xal təminatı vəd etmir. Ancaq İslandiya və Azərbaycan hörmətlə yanaşılacağı təqdirdə məğlub edilməli rəqiblərdir. Fikrimcə, məhz bu komandalarla oyunlar həlledici olacaq”.

Qeyd edək ki, millimiz Ukrayna ilə ilk oyunu sentyabrın 9-da evdə, ikinci matçı isə oktyabrın 13-də səfərdə keçirəcək.

Shares: