“Uzun müddət futboldan kənar qaldım. Şükür ki, performansım tədricən yaxşılaşır. Günü-gündən daha yaxşı olmağa doğru irəliləyirəm. İnşallah, bu inkişaf davam edər və daha da yüksək səviyyəyə çataram. Hazırda bütün diqqətimi və gücümü maksimum səviyyədə bərpa etməyə yönəltmişəm”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Yunuszadə deyib.

32 yaşlı müdafiəçi “Cəbrayıl” ilə keçirilən oyun haqda da danışıb. O, qarşılaşmanı belə dəyərləndirib: “Çətin oyun oldu. Əvvəlcədən bilirdik ki, “Cəbrayıl” güclü komandadır. Əziyyət çəksək də, əsas odur ki, 2:0 hesabı ilə qalib gəldik. Xüsusilə müdafiədə etibarlı oynayaraq qol buraxmamağımız bizi sevindirir. Bundan başqa, “Karvan” ilə xal fərqimizi 4-ə çatdırmağımız müsbət məqamdır. Amma bu, bizi rahatlaşdırmır. 2 tur əvvələ qədər ikinci yerdə idik. Bundan sonra da nəticənin necə olacağını zaman göstərəcək. Məqsədimiz Premyer Liqaya yüksəlməkdir. Yalnız bu məqsədə çatdıqdan sonra rahat nəfəs ala bilərik”.

GÜNAY SÜLEYMANOVA

Shares: